SAĞLAMLIQ ÜÇÜN TƏHLÜKƏSİZ ÇİMƏRLİKLƏRİN ADLARI AÇIQLANMIŞDIR
Bakı, 7 iyun (AZƏRTAC). Azərbaycan Xəzəryanı dövlətlər arasında yeganə ölkədir ki, dənizin və onun akvatoriyasının çirklənmədən qorunması üzrə kompleks tədbirlər həyata keçirir.
Belə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) 2007-ci ildə Abşeron yarımadasının kanalizasiya şəbəkəsi olmayan Bilgəh, Buzovna, Mərdəkan, Pirşağı, Nardaran sahil zolaqlarında və “Amburan” çimərliyi ərazisində, eləcə də Novxanı və Corat bağlarının sahil boyu ərazilərində beynəlxalq standartlara cavab verən 16 ədəd modul tipli təmizləyici qurğular quraşdırmışdır.
ETSN-nin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi dənizinin Azərbaycana mənsub sahil zolağında, çimərlik zonalarında və mühüm rekreasiya əhəmiyyətli qumsallıqlarda mütəmadi olaraq ekoloji vəziyyətin monitorinqini keçirir.
Nazirlik tərəfindən modul tipli çirkab sutəmizləyici qurğuların quraşdırıldığı ərazilərdə aparılan monitorinqin nəticələrinə görə, ötən illərlə müqayisədə mikrobioloji baxımdan çirklənmənin qarşısı alınmışdır. Belə ki, təmizləyici qurğuların istismarı müddətində dənizdə mikrobioloji baxımdan çirklənmənin dərəcəsi tədricən azalmağa başlamış, son 2 il ərzində qeyd olunan sahələrdə bağırsaq çöplərinin miqdarı minimum həddə çatmışdır. Aparılan tədqiqatların nəticələrinə görə qeyd olunan çimərlik ərazilərində çirklənmə dərəcəsi artıq norma daxilindədir.
Lakin belə qurğuların quraşdırılmadığı məntəqələrdə ötən il olduğu kimi (Səbail rayonun Şıx və Qaradağ rayonun Sahil qəsəbəsinin çimərlik ərazisində) bu il də mikrobioloji baxımdan çirklənmə qeydə alınmışdır. Belə ki, qeyd olunan ərazilərdə böyük həcmlə axıdılan tullantı suları müvafiq norma və standartlara uyğun təmizlənmədən dənizə axıdıldığına görə sözügedən ərazilərdə bağırsaq çöpü bakteriyalarının miqdarı normadan artıq müəyyən edilmışdir.
2010-cu il may-iyun aylarında Xəzər dənizinin sahilində təmizləyici qurğuların quraşdırıldığı ərazilərdə, eləcə də digər çimərlik sahələrində aparılan mikrobioloji təhlillərin nəticələrinə görə, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlan, Hövsan çimərliklərində mikrobioloji çirklənmə dərəcəsi normaldır. Səbail rayonunun Şıx, Qaradağın Sahil, Sumqayıtın Sumqayıt çimərliklərində isə suda bağırsaq çöpü aşkarlanmışdır.
ETSN və Bakı şəhər Epidemiologiya və Gigiyena Mərkəzi tərəfindən dənizdən götürülən su nümunələri üzərində aparılan laborator təhlillərin nəticələri bunu deməyə əsas verir ki, qeyd olunan qəsəbələrin sahil zolağındakı çimərlik sahələri (Sumqayıt, Sahil qəsəbəsinin “Sahil” və “Şıx” çimərliklərindən başqa) yay mövsümü ilə əlaqədar çimərlik kimi istifadəyə yararlıdır.