ŞAHBUZ RAYONUNUN AYRINC KƏNDİNDƏ ORTA MƏKTƏB BİNASININ AÇILIŞI
AZƏRTAC xəbər verir ki, dekabrın 19-da Şahbuz rayonunun Ayrınc kəndində 144 yerlik orta məktəb binasının açılışı olmuşdur.
Bu münasibətlə keçirilən təntənəli mərasimin iştirakçıları Prezident İlham Əliyevi böyük hörmətlə qarşıladılar.
Prezident İlham Əliyev məktəbin rəmzi açılışını bildirən lenti kəsdi.
Dövlətimizin başçısına məlumat verildi ki, Ayrınc kənd məktəbinin məzunları arasında görkəmli insanlar var və onlar Azərbaycan elmi üçün böyük xidmətlər göstərmişlər. Məktəbin bir il ərzində tikilib istifadəyə verilmiş yeni binasında 11 sinif otağı, idman salonu, kitabxana, kompüter otağı, tibb otağı var.
Prezident İlham Əliyev sinif otaqlarını gəzdi, şagirdlərlə görüşüb söhbət etdi, onların təhsilləri ilə maraqlandı. Onların yaxşı oxumalarını arzuladı və bunun üçün hər cür şəraitin yaradılacağını bildirdi.
Müəllimlər Prezidentə təşəkkür edərək, ucqar kəndlərdə belə təhsil ocaqlarının tikilməsini gələcək nəsillərə göstərilən qayğı kimi qiymətləndirdilər.
Prezident İlham Əliyev məktəbin açılışına toplaşan kənd sakinləri ilə görüşdü, onların qarşısında çıxış etdi.