“Şahdağ” Turizm Mərkəzi yay mövsümünə hazırdır
Bakı, 8 iyun, AZƏRTAC
“Şahdağ” Turizm Mərkəzi iyunun 11-dən yay mövsümünü açıq elan edəcək.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, bu ilki yay mövsümündə hər kəsin maraq dairəsinə və bacarığına uyğun müxtəlif əyləncələr qonaqların ixtiyarında olacaq. Aktiv əyləncəyə üstünlük verənlər üçün xüsusi dağ velosipedi və sərbəst velosiped turu, sürəti sevənlər üçün trottinet, seqvey - mobil platforma, kvadrosikl, bob kart kimi nəqliyyat vasitələri, o cümlədən sadəcə təmiz dağ havası, ruhu dinləndirən sakitlik və möhtəşəm mənzərələrdən zövq almaq istəyənlər üçün at sürmə, dağlarda gəzinti, kanatla yüksəklikdən sürüşmə - ziplayn, macəra parkı, peyntbol, azyaşlı turistlərimiz üçün isə hava qəsrlərindən ibarət uşaq parkı və mini kvadrosikllər kimi 12 əyləncə növü təklif olunacaq. Bundan əlavə, ailəvi istirahət etmək istəyənlər üçün də bir neçə əyləncə növünün daxil olduğu xüsusi paketlər hazırlanıb. Həmçinin, turizm mərkəzində yay mövsümü ərzində xüsusilə gənclərin zövqünü oxşayacaq müxtəlif maraqlı və əyləncəli tədbirlər təşkil olunacaq.
Bütün əyləncələrdən istifadə zamanı turistlər hər cür təhlükəsizlik ləvazimatları ilə təmin edilir və daim bələdçilərin nəzarəti altında olur. Mərkəzdə yerləşən hotellərin qiyməti keçən illə müqayisədə 25 faiz ucuzlaşıb.
Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan “Şahdağ” Turizm Mərkəzində yay mövsümü iyun ayından sentyabr ayına kimi davam edir.