Sahib Mehdiyev: 31 il ötməsinə baxmayaraq, hələ də Ballıqaya qətliamının təsiri ilə yaşayırıq
Bərdə, 28 avqust, Tahir Ağaməmmədov, AZƏRTAC
Ermənistan hərbi birləşmələrinin dinc azərbaycanlılara qarşı törətdiyi Ballıqaya qətliamından 31 il ötür. 1992-ci il avqustun 27-dən 28-nə keçən gecə erməni quldurları Laçın rayonundan məcburi köçkün düşən və müvəqqəti olaraq Goranboy rayonunun Ballıqaya kəndində müvəqqəti məskunlaşmış 24 azərbaycanlı mülki şəxsi amansızlıqla qətlə yetirib, 9 nəfəri yaralayıblar. Qətlə yetirilənlər arasında 6 azyaşlı uşaq, o cümlədən 6 aylıq körpə də olub. Üç azyaşlı uşaq hər iki valideynini itirib. Öldürülmüş dinc insanların bəzilərinin cəsədləri yandırılıb. Ballıqayada 93 yaşında qoca qadına da aman verilməyib, ümumilikdə, öldürülənlərin əksəriyyəti uşaqlar, qadınlar və qocalar olub. Doqquz nəfər isə ağır yaralanıb. Qətlə yetirilən və ağır bədən xəsarəti alan şəxslərin hamısı heyvandarlıqla məşğul olan mülki şəxslər, çobanlar və onların ailə üzvləri idi.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ballıqayada qətlə yetirilmiş şəxslərdən bəziləri Bərdə rayonunun Qaradəmirçi, Alpout, Tumaslı və Nazırlı kəndlərində dəfn edilib. Faciə zamanı ailə üzvlərini və yaxın qohumlarını itirən Sahib Mehdiyev də hər il Nazırlı kəndindəki qəbiristanlığa gələrək onları yad edir. “1992-ci ildə Laçın rayonu işğal edilən zaman doğma yurdumuzdan köçkün düşərək Goranboyun Ballıqaya ərazisinə gəldik. Ballıqayada qaldığımız üçüncü gecə səhərə yaxın ermənilər gəlib camaatı qanına qəltan elədilər. Qətliam zamanı anam, atam, bacım, iki qardaşım, qardaşımın həyat yoldaşı vəhşicəsinə qətlə yetirildi. Çox ağır faciə idi. Otuz bir il ötməsinə baxmayaraq, hələ də bu qətliamın təsiri ilə yaşayırıq. Bu gün təsəllimiz odur ki, ordumuz düşmənə qalib gəlib. Bütün şəhidlərimizin, o cümlədən Ballıqaya qətliamı qurbanlarının qisası alınıb. Torpaqlarımız, ata yurdumuz olan Laçın işğaldan azad edilib”, - deyə Sahib Mehdiyev bildirib.
Ermənilərin törətdiyi faciələr, o cümlədən Ballıqaya qətliamı xalqımızın yaddaşından heç vaxt silinməyəcək. Bu cinayətləri törədənlər gec-tez ədalət məhkəməsi qarşısında cavab verərək layiqli cəzalarını alacaqlar.