Sahibkarlar elm müəssisələri ilə əməkdaşlıq çərçivəsində daha yüksək nailiyyətlər əldə edə bilərlər
Bakı, 17 aprel, AZƏRTAC
Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) qadın sahibkarların iştirakı ilə görüş keçirib.
AQSİA -dan AZƏRTAC-a bildirilib ki, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti rektorunun Universitet-Sənaye əməkdaşlığı və məzunlarla iş üzrə müşaviri Sakit Səmədovun təşkilatçılığı ilə keçirilən görüşdə rektor Mustafa Babanlı öncə universitetdə təhsil və tədris prosesindən söz açaraq müasir elmi və metodiki yanaşmaların geniş tədbiqindən danışıb. Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) ilə əməkdaşlığın önəmini qeyd edən rektor xanım sahibkarlarla universitet əməkdaşlığının tələbələrin təcrübə və iş yerləri ilə təminatına da təsir edəcəyini qeyd edib.
Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası İdarə Heyətinin sədri Səkinə Babayeva ölkədə qadın sahibkarlar üçün yaradılan şəraitdən danışıb. O bildirib ki, iqtisadiyyat və sahibkarlıq elm müəssisələri ilə əməkdaşlıq çərçivəsində daha yüksək nailiyyətlər əldə edə bilər. Bu mənada rəhbərlik etdiyi birlik ADNSU ilə əmkdaşlıqda maraqlıdır və bu, həm gələcək uğurlu sahibkarların yetişməsində, həm də tələbə və məzunların işlə təminatında özünü göstərəcək.
Görüşdə gələcək perspektivlər, innovativ bizneslərə dəstək, dayanıqlı inkişaf və kadr potensialının artırılması, həmçinin rəqəmsal iqtisadiyyata keçidlə bağlı məlumatlar və qarşılıqlı təcrübənin bölüşməsi müzakirə edilib.
Sonda Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti arasında əməkdaşlığa dair memorandum imzalanıb.