Sahibkarlar innovativ suvarma sistemlərinin üstünlükləri barədə məlumatlandırılıblar
Bakı, 12 oktyabr, AZƏRTAC
Biləsuvar rayonunda Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə “Müasir əkinçiliyin strukturu və innovativ suvarma sistemlərinin tətbiqinin səmərəliliyi” mövzusunda sahibkarlarla görüş keçirilib.
Tədbirdə aidiyyəti dövlət qurumlarının nümayəndələri və 200-ə yaxın sahibkarlıq subyekti iştirak edib.
KOBİA-dan AZƏRTAC-a bildirilib ki, görüşdə ölkəmizdə kənd təsərrüfatının inkişafına dəstək tədbirləri, bu sahədə müasir çağırışlar, aqrar sığortanın əhəmiyyəti, innovativ suvarma sistemlərinin tətbiqinin səmərəliliyi, əkin sahələrində məhsuldarlığın artırılması və ziyanvericilərə qarşı düzgün mübarizə üsulları, eləcə də sahibkarların maliyyə resurslarına çıxışı barədə məlumat verilib.
Tədbirdə KOB subyektlərinin ehtiyaclarına dair müzakirələr aparılıb, sahibkarların təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.