Şahin Seyidzadə: 20 Yanvar - Azərbaycanın istiqlal tarixinin başlanğıc nöqtəsi
Bakı, 20 yanvar, AZƏRTAC
Çox ölkənin tarixində istiqlal yolunun başlanğıcı bir sıra çətinliklərlə yadda qalır. Azərbaycan xalqının yaddaşında 1990-cı ilin “Qanlı Yanvar” hadisələri faciə, eyni zamanda, qəhrəmanlıq səhifəsi kimi qalmışdır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Şahin Seyidzadə söyləyib.
Deputat bildirib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda sovet ordusu tərəfindən dinc əhaliyə qarşı törədilən kütləvi qırğın hadisəsi insanlığa qarşı yönəlmişdi. Bu cinayət hadisəsinin törədilməsində əsas məqsədlərdən biri öz haqlı tələblərini irəli sürən, müstəqillik istəyinə dinc yollarla qovuşmaq istəyən Azərbaycan xalqının iradəsini qırmaq, insanların müstəqillik arzularını birdəfəlik əzmək idi. “Qanlı Yanvar” qırğını həm də sovet qoşunlarının Azərbaycan xalqına qarşı həyata keçirdiyi soyqırım siyasətinin tərkib hissəsi idi.
"Lakin bütün cəhdlərə baxmayaraq bu faciəni həyata keçirənlər Azərbaycan xalqının iradəsini qıra bilmədilər. Bütün bu hadisələr, milli azadlıq hərəkatının daha da surətlənməsinə və Azərbaycanın yenidən müstəqilliyə nail olmasına gətirib çıxarmış oldu. Bir sözlə, 20 Yanvar faciəsi Azərbaycanı müstəqilliyə aparan yolun başlanğıcı idi.
Məhz ulu öndər Heydər Əliyevin 20 Yanvar hadisələrindən sonra Moskvadakı əzmkar çıxışı, ölkəmizdə insanların qanını tökmüş imperiya yetkililərini ciddi ifşa etməsi ilə Azərbaycan xalqının birliyində yeni səhifə açılmış oldu", - deyə Ş.Seyidzadə qeyd edib.
Onun sözlərinə görə, Qanlı Yanvar hadisələrinə ilk hüquqi qiymət də, məhz ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi tərəfindən 1990-cı il noyabrın 21-də verilmiş oldu.
Şahin Seyidzadə vurğulayıb ki, milli həmrəyliyin təzahürü olaraq, Azərbaycan xalqı 1990-cı ilin yanvarında Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda qəhrəmancasına şəhid olmuş oğul və qızlarını unutmur, hər zaman onların əziz xatirəsini qəlblərində yaşadır.