“SALNAMƏ. ÜÇÜNCÜ MİNİLLİYİN SOYQIRIMI” ADLI YENİ LAYİHƏ HAZIRLANIR
Birliyin rəhbəri Tatyana Çaladze AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, bu çoxməqsədli layihə erməni təcavüzü nəticəsində doğma yerlərindən didərgin düşən şəxslərlə aparılacaq iş üçün, bir növ, doktrina əsasıdır. Xatırladaq ki, Avropa İnsan Hüquqları Məhkəməsi qaçqınlardan artıq bir neçə məktub almışdır və onlara baxılmasının tarixi gələn il müəyyən ediləcəkdir.
Xanım Çaladzenin sözlərinə görə, Salnamənin materialları Goranboy rayonundakı çadır düşərgələrində çox diqqətlə toplanılmışdır. Faciədən əvvəl ailənin harada yaşadığı, onun tərkibi yerlərdə sənədli surətdə qeydə götürülmüş, əmlakları (məsələn, Xocalıda ev) siyahıya alınmış (mülkiyyət hüququ haqqında saxlanmış sənədlər əsasında), onları doğma yerlərindən getməyə məcbur etmiş səbəblər dəqiq göstərilmişdir. T.Çaladze demişdir: “Xocalının faciəsi Xatın (Belarus) və Sonqmi (Vyetnam) faciələri ilə bir sırada durur və bu, öz sənədli təsdiqini tələb edir. Soyqırımın tanınması haqqında ümummilli lider Heydər Əliyevin Fərmanı var, lakin qurbanlar barədə heç nə deyilmir. Xocalılara soyqırım qurbanları statusu verilməsi haqqında qanun layihəsi hazırlamaq üçün sənədlərin toplanması, onların Milli Məclisə baxılmağa təqdim edilməsi gələcəkdə bu soyqırımın dünya birliyi tərəfindən tanınmasını da təkid etməyə əsas yaradacaqdır”.
Xalqımızın təəssübkeşinin fikrincə, qanun layihəsi qəbul olunarsa, bunun ardınca qaçqınların sosial, psixoloji və s. cəhətdən reabilitasiyasına dair dövlət proqramı qəbul ediləcəkdir. Proqramda yerlərdə kiçik və orta müəssisələrin, habelə müalicə-profilaktika kabinetlərinin açılması nəzərdə tutulacaqdır.