CƏMİYYƏT
Salyanda ceyran oğruları ifşa edilib VİDEO
Bakı, 25 dekabr, AZƏRTAC
Dekabrın 23-də Şirvan Milli Parkının rəhbərliyi tərəfindən aparılan daxili araşdırma nəticəsində mühafizə yegeri Səyyar Nəcəfov tərəfindən bir baş ceyran fərdinin tutularaq həyətyanı sahəsində gizlədilməsi faktı barədə şübhələr yaranıb. Həmin şəxsin əhatə dairəsinin müəyyənləşdirilməsi, tutulan ceyranın satılmasının qarşısını almaq və kömək məqsədilə dərhal Salyan Rayon Polis Şöbəsinə məlumat verilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, verilmiş məlumat əsasında dekabrın 24-də Salyan Rayon Polis Şöbəsinin əməkdaşları Şirvan Milli Parkının işçiləri ilə birgə əməliyyat tədbirləri həyata keçiriblər. Şərti alıcının cəlb edilməsi ilə keçirilən əməliyyat nəticəsində Şirvan Milli Parkının mühafizə yegeri Nəcəfov Səyyar Vəlixan oğlunun və gözətçi Ağasıyev İntiqam İsmayıl oğlunun həyətyanı sahələrindən bir baş diri ceyran, müxtəlif vaxtlarda ovlanmış və aşılanmış bir neçə ədəd ceyran dərisi və buynuzu aşkar olunub. İlkin araşdırmalar zamanı bu cinayətin törədilməsində Parkın digər əməkdaşı – gözətçi Rzayev İslam İrza oğlunun da iştirakı üzə çıxarılıb və bununla bağlı maddi sübutlar götürülüb.
Baş vermiş hadisənin nəzarətə götürülməsi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Daxili İşlər Nazirliyinə müraciət edilib. Hazırda Salyan Rayon Polis Şöbəsi tərəfindən istintaq işləri, o cümlədən Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən xidməti araşdırmalar aparılır.
Məlumat üçün bildiririk ki, Şirvan Milli Parkının ərazisində noyabr ayında “Ceyranların tarixi areallarına reintroduksiyası” layihəsi çərçivəsində növbəti dəfə ceyran fərdlərinin tutulması işi həyata keçirilərkən ərazidən ceyranların qanunsuz tutularaq oğurlanması barədə şübhələr yaranıb və Milli Park tərəfindən bu istiqamətdə müvafiq araşdırmalara başlanılıb.