Salyanda Xocalı soyqırımı qurbanlarının xatirəsi yad olunub
Salyan, 25 fevral, Mahir Babayev, AZƏRTAC
Salyandakı Heydər Əliyev Mərkəzində Xocalı faciəsinin 24-cü ildönümünə həsr olunan “Xocalı harayı” adlı mərasim keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Xocalı soyqırımı qurbanlarının, eləcə də Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olan həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Mərasimdə xalqımızın qan yaddaşı olan Xocalı soyqırımının, ermənilərin zaman-zaman törətdikləri vəhşiliklərin dünya ictimaiyyətinə çatdırılması üçün görülməsi vacib olan işlərdən danışılıb, faciənin dəhşətli nəticələri barədə məlumat verilib. Həmçinin mərasimdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” təbliğat-təşviqat kampaniyasına dəstək də ifadə olunub.
Tədbirdə məktəblilərin ifasında Xocalı faciəsinə həsr olunan “Sarı gəlin” adlı kompozisiya nümayiş etdirilib.
Sonda tədbir iştirakçıları rejissor Vahid Mustafayevin çəkdiyi “Xoca” filminə baxıblar.