Şamaxı şəhərində Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədinin ikinci layihəsi üzrə ictimai dinləmələr keçirilmişdir
Bakı, 4 mart (AZƏRTAC). Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (ARDNŞ) ilə “ConocoPhillips Exploration Azerbaijan Ltd. (CoP)” şirkəti arasında Azərbaycan Respublikasının ərazisində quruda kəşfiyyatqabağı fəaliyyətə dair birgə tədqiqat sazişi üzrə ikiölçülü seysmik işlərin Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi (ƏMTQ) sənədinin ictimaiyyətlə müzakirələri davam etdirilir.
AZƏRTAC xəbər verir ki, layihə üzrə növbəti görüş Şamaxı şəhərində keçirilmişdir. Layihənin əhatə etdiyi 14 rayondan Ağsu, Şamaxı, Kürdəmir və Qobustan rayonları üzrə Şamaxı şəhərində keçirilmiş görüşdə yerli icra orqanları, icma nümayəndələri, qeyri-hökumət təşkilatları, bələdiyyələr və digər maraqlı tərəflərin nümayəndələri, o cümlədən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional təşkilatlarından 50-dən artıq nümayəndə iştirak etmişdir.
Görüşdə 2D - ikiölçülü seysmik işlərin yerinə yetirilməsinin mahiyyəti haqqında mütəxəssislər tərəfindən iştirakçılara məlumat verilmiş, təqdimatlar göstərilmiş, hazırlanmış ƏMTQ sənədi üzrə müzakirələr aparılmış, layihə ilə əlaqədar suallar cavablandırmış, rəy və təkliflər öyrənilmişdir.
Bununla iki ölçülü (2D) seysmik işlərin ƏMTQ sənədinin ictimai dinləmələrinə yekun vurulmuşdur. Keçirilmiş İctimai dinləmələrin nəticəsində ƏMTQ sənədi ilə əlaqədar iştirakçılar tərəfindən verilmiş rəy və təkliflər nəzərə alınmaqla sənədin yekun variantı hazırlanacaqdır.