Şamaxı və İsmayıllıda Bədən Tərbiyəsi və İdman Günü qeyd olunub
Şamaxı, 5 mart, AZƏRTAC
Şamaxıda Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Olimpiya Mərkəzində 5 mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə rayonun idman ictimaiyyəti ilə görüş keçirilib. Görüşdə rayonda fəaliyyət göstərən idmanyönümlü təşkilatların, klubların, federasiya və cəmiyyətlərin nümayəndələri, bədən tərbiyəsi və idman müəllimləri, veteran və yüksək nailiyyətlər qazanan idmançılar iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon Gənclər və İdman İdarəsinin rəisi Şahmar Hüseynov çıxış edərək iştirakçıları Bədən Tərbiyəsi və İdman Günü münasibətilə təbrik edib. İdarə rəisi Azərbaycanda idmanın inkişafına göstərilən dövlət qayğısından danışıb, son illər Şamaxıda bədən tərbiyəsi və idman sahəsində görülən işlərdən bəhs edib, idmançıların uğurları haqqında geniş məlumat verib.
Tədbirdə Şamaxı Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin direktoru Şəhriyar Soltan, məşqçi müəllimlər Rüstəm Musayev, Valeh Etibarov, Namiq Hüseynov çıxış edərək idmanın daha da inkişaf etdirilməsi sahəsində potensial imkanlardan danışıblar.
Sonda böyük uğur qazanan idmançılara, məşqçi müəllimlərə fəxri fərman və qiymətli hədiyyələr verilib.
X X X
İsmayıllıda 5 mart - Bədən Tərbiyəsi və İdman Günü təntənəli surətdə qeyd olunub.
İdmançıların, məşqçi müəllimlərin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə Gənclər Mərkəzində təşkil olunan tədbirdə Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov çıxış edərək iştirakçıları təbrik edib, bölgədə idman sahəsində qazanılan uğurlardan danışıb. T.Salehov, eləcə də rayon icra hakimiyyətinin məhsul işçisi Namiq Kərimov Prezident İlham Əliyevin ölkəmizdə idmanın inkişafına göstərdiyi diqqət və qayğıdan danışıb, bu gün Azərbaycanın tanınmış idman dövləti olduğunu vurğulayıblar.
Tədbirdə rayon və respublika miqyaslı yarışlarda uğur qazanan idmançılara Gənclər və İdman İdarəsinin diplom və qiymətli hədiyyələri verilib.
Tədbirdən sonra Gənclər və İdman İdarəsinin kollektivi hazırda səhhətində bir sıra problemlər olan Diyallı kənd sakini, veteran cüdoçu, samboçu Hikmət Əhmədovun evinə gedərək onunla görüşüb. Hikmət Əhmədov bu diqqətə görə minnətdarlığını bildirib, ölkəmizdə idmana və idmançılara həmişə diqqət və qayğı göstərdiyini söyləyib. O, Azərbaycanla yanaşı, Fransa, Özbəkistan, Türkmənistan və digər ölkələrdə keçirilən yarışlardakı çıxışları ilə bağlı xatirələrini danışıblar.
Görüşdə Hikmət Əhmədova Gənclər və İdman İdarəsinin fəxri fərmanı verilib.