Sanksiyalar aradan qaldırılmasa İran uranın zənginləşdirilməsini davam etdirəcək
Tehran, 31 mart, AZƏRTAC
İqtisadi sanksiyalar aradan qaldırılmasa İran uranın zənginləşdirilməsini davam etdirəcək.
AZƏRTAC Press TV-yə istinadla xəbər verir ki, ABŞ-ın yeni Prezidenti vaxt itirmədən sanksiyaların aradan qaldırılması üçün tədbirlər görməlidir. Əks təqdirdə İran uranı nəzərdə tutulan 20 faizdən də çox zənginləşdirə bilər.
Qeyd olunub ki, cari həftə ərzində ABŞ administrasiyası “nüvə probleminin” həlli üçün İrana yeni təkliflər verəcək. Lakin rəsmi Tehran birmənalı mövqedən çıxış edərək ilk növbədə sanksiyaların ləğv olunmasını tələb edir. Sanksiyalar nəinki İran iqtisadiyyatını zəiflədib, eləcə də koronavirusa qarşı aparılan mübarizəni də effektsiz edir. İran rəsmi Vaşinqtonla nüvə proqramı ətrafında müzakirələri davam etmək istəyir. Lakin hər şeydən əvvəl sanksiyalar aradan qaldırılmalıdır.
Ötən gün Prezident Həsən Ruhani Nazirlər Kabinetinin iclasında bildirib ki, ABŞ-ın yeni Prezidenti hələlik heç bir addım atmayıb. Prezident qeyd edib ki, hələ ki ABŞ Donald Tramp dövrünün siyasətini davam etdirir.
İran hökumətinin rəsmi nümayəndəsi Əli Rəbbi Tehranda keçirdiyi mətbuat konfransında bəyan edib ki, rəsmi Tehran ABŞ-la dialoqa hazırdır: “Lakin İran sanksiyaların aradan qaldırılacağına əmin olmalıdır. Təcrübə göstərir ki, ABŞ razılaşmanı əldə etdikdən sona ona riayət etmir”.
ABŞ Dövlət Departamentinin mətbuat katibi Nid Prays isə deyib ki, İran üzərinə götürdüyü öhdəliyi tam olaraq yerinə yetirsə rəsmi Vaşinqton da 2015-ci ildə əldə olunan qarşılıqlı razılaşmaya əsasən addımlar atacaq.
İran və ABŞ mətbuatında dərc olunan materialların təhlili onu deməyə əsas verir ki, tərəflər problemin həlli istiqamətində dialoqa hazırdır. Lakin əvvəlki yüksək səsli bəyanatlar ilk addımın atılmasına imkan vermir.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran