Sankt-Peterburqda “Ekologiya” III Beynəlxalq forumu keçirilmişdir
Bakı, 30 mart (AZƏRTAC). Azərbaycan Respublikasının Sankt-Peterburqdakı baş konsulluğunun mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, martın 29-da Sankt-Peterburqda “Yedinaya Rossiya” Partiyasının “Sankt-Peterburq Rusiyanın dəniz paytaxtıdır” layihəsi çərçivəsində su ehtiyatlarının mühafizəsi məsələlərinə həsr olunmuş “Ekologiya” III Beynəlxalq forumu keçirilmişdir. Forum RF Dövlət Dumasının, Federal Məclisin Federasiya Şurasının, Təbii Sərvətlər və Ekologiya, Nəqliyyat, Energetika nazirliklərinin, Təbiətdən İstifadə Sahəsində Federal Nəzarət Xidmətinin, Federal Su Ehtiyatları Agentliyinin, Federal Dəniz və Çay Nəqliyyatı Agentliyinin, Rusiya və beynəlxalq iqtisadi təşkilatların, biznes-birliklərin dəstəyi və iştirakı ilə keçirilmişdir.
Forumun işgüzar proqramına əsas etibarilə nəqliyyatın su sistemlərinin ekologiyasına təsirinin azaldılması, su obyektlərinin ekoloji təhlükəsizliyinin təmin olunmasında yeni texnoloji qərarların tətbiqi məsələləri və bir çox digər məsələlər daxil edilmişdir.
Forumda “Beynəlxalq əməkdaşlıq Xəzər şelfinin kompleks şəkildə mənimsənilməsinin və regionun sabit inkişafının rəhni kimi” mövzusunda məruzə ilə çıxış edən Azərbaycan Respublikasının Sankt-Peterburqdakı baş konsulu Qüdsi Osmanov bildirmişdir ki, Azərbaycan regionda enerji təhlükəsizliyinin təmin olunmasına sanballı töhfə verir və Xəzərin ekoloji vəziyyətinin yaxşılaşdırılmasına dair böyük proqramlar həyata keçirir. O, həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təsisçisi olduğu “Ətraf mühitin mühafizəsinə dair dialoq” (IDEA) beynəlxalq kampaniyasının əhəmiyyətini vurğulamışdır.
“Yedinaya Rossiya” Partiyası artıq 5 il ərzində “Sankt-Peterburq Rusiyanın dəniz paytaxtıdır” layihəsi çərçivəsində iş apararaq, nəqliyyat sahəsindəki yüksək səviyyəli mütəxəssis və ekspertləri Sankt-Peterburqda öz tədbirlərinə cəlb edir. Tədbirlərdə yaxın və uzaq 20-dən çox xarici ölkədən qonaqlar, habelə Rusiya Federasiyasının əksər regionlarının nümayəndələri iştirak edirlər.