Sankt-Peterburqda Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş sərgi açılıb
Sankt-Peterburq, 19 iyun, AZƏRTAC
Sankt-Peterburqda Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş sərginin təntənəli açılış mərasimi olub.
AZƏRTAC xəbər verir ki, sərgi Azərbaycanın Sankt-Peterburqdakı Baş konsulluğunun iştirakı ilə MDB Parlamentlərarası Assambleyasının mənzil-qərargahında açılıb.
Açılış mərasimində çıxış edərək MDB Parlamentlərarası Assambleya Şurasının Baş katibi Dmitri Kobitski qeyd edib ki, Heydər Əliyevin siyasi istedadı sayəsində Azərbaycan inkişaf etmiş dövlətlər sırasına daxil olub: “Bu təcrübə MDB-nin digər ölkələri üçün faydalı ola bilər. Azərbaycan liderinin şəxsiyyəti isə MDB məkanı və ondan kənarda yaşayan insanlarda hörmət və maraq doğurur və bundan sonra da doğuracaq”.
Sərgidə müxtəlif illərə aid fotoşəkillər təqdim olunub. Burada Heydər Əliyevin Azərbaycanın partiya və hökumət strukturları, Sovet İKP MK Siyasi Bürosu və SSRİ Nazirlər Soveti, parlament və Prezident kimi çalışdığı dövrlərdəki, həmçinin ailə, görkəmli siyasətçilər və adi insanlarla çəkilən fotoşəkilləri yer alıb.
“Biz qarşımızda güclü, müdrik və çox böyük hörmət sahibi olan lider görürük. Vətəndaş birliyi və qarşılıqlı anlaşma, ölkənin suveren, uğurlu inkişafı və müasirləşdirilməsinin əsasını qoyan insan görürük”, - deyə Baş katib bildirib.
Mərasimdə Azərbaycan Respublikasının Sankt-Peterburqdakı Baş konsulu Sultan Qasımov, MDB Parlamentlərarası Assambleya Şurasının Baş katibinin müavinləri - Qazaxıstan Respublikası Parlamentinin səlahiyyətli nümayəndəsi İqor Musalimov və Rusiya Federasiyası Federal Məclisinin səlahiyyətli nümayəndəsi İrina Sokolova iştirak ediblər.
“Azərbaycan üçün bu cür əhəmiyyətli sərginin açılışına görə Assambleyanın bütün kollektivinə təşəkkürümü bildirmək istəyirəm. Fotoşəkilləri izləyəndən sonra mən bir çox emosiya yaşadım və hətta bir qədər gözlərim yaşardı”, - deyə Azərbaycanın Baş konsulu qeyd edib.
İlk dəfə ekspozisiya may ayında Rusiya parlamentinin yuxarı palatasında təqdim olunub. Sərginin ilk ziyarətçiləri MDB Parlamentlərarası Assambleya Şurasının sədri, Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko və Moskvaya rəsmi səfər edən Azərbaycanın Milli Məclisinin sədri Sahibə Qafarova olublar.
Sərgi Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Azərbaycan və Rusiya informasiya agentlikləri və dövlət arxivlərinin dəstəyi ilə təşkil olunub.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Sankt-Peterburq