SANKT-PETERBURQDA XOCALI SOYQIRIMI İLƏ BAĞLI ANMA MƏRASİMİ KEÇİRİLMİŞDİR
Sankt-Peterburq, 26 fevral (AZƏRTAC). Fevralın 26-da Sankt-Peterburq şəhərinin Lensovet adına mədəniyyət evində Xocalı soyqırımına həsr olunmuş anma mərasimi keçirilmişdir. Mədəniyyət evində “Xocalı uşaqların gözü ilə” rəsm, Xocalı soyqırımı və Ermənistanın Azərbaycana qarşı təcavüzünə həsr olunmuş kitabların sərgiləri açılmışdır.
Azərbaycanın Sankt-Peterburqdakı baş konsulluğundan bildirmişlər ki, tədbirin rəsmi hissəsində Xocalı soyqırımını əks etdirən sənədli film nümayiş etdirilmişdir. Mərasimin iştirakçıları Xocalı soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər. Sankt-Peterburqda Azərbaycanlıların Milli-Mədəni Muxtariyyətinin sədri Vaqif Məmişev, Bakı Dövlət Universitetinin hüquq fakültəsinin dekanı Məhəmməd İmanlı tədbirdə çıxış edərək, Xocalı soyqırımını XX əsrin ən dəhşətli faciəsi adlandırmışlar. Tədbirdə çıxış edən baş konsul Qudsi Osmanov Xocalı soyqırımının Azərbaycan tarixinin qanlı səhifələrindən olduğunu diqqətə çatdıraraq, Rusiya və beynəlxalq ictimaiyyətin bu barədə məlumatlandırılması üçün İslam Konfransı Təşkilatı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə yaradılmış www.justiceforkhojaly.orq internet səhifəsini təqdim etmişdir.
Mərasimin fəxri qonağı Rusiya Təbii Elmlər Akademiyasının akademiki məşhur “Qarabağ qan girdabında” kitabının müəllifi Yuri Pompeyev çıxış edərək Xocalı soyqırımının ermənilər tərəfindən qabaqcadan hazırlanmış, planlı təcavüz olduğunu söyləmiş və tədbir iştirakçılarının suallarına cavab vermişdir.
Mərasimin ikinci hissəsində iştirakçılara Heydər Əliyev Fondu tərəfindən dərc olunmuş Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ hərbi münaqişəsi, o cümlədən Xocalı soyqırımına dair kitablar və müxtəlif çap məhsulları paylanılmışdır.
Xocalı soyqırımının 17-ci ildönümü ilə əlaqədar təbliğatın gücləndirilməsi istiqamətində Sankt-Peterburqun böyük tirajlı və geniş auditoriyanı əhatə edən “Veçerni Peterburq” qəzetinin 26 fevral tarixli buraxılışında “Azərbaycanda sükut dəqiqəsi” adlı məqalə dərc olunmuşdur. Bundan əlavə, tədbir Sankt-Peterburq şəhərinin mərkəzi kanallarından biri olan REN-TV kanalında nümayiş olunmuşdur.
######
