Səbail rayonunda narkotik vasitələrin satışı ilə məşğul olan dəstənin daha bir üzvü saxlanılıb
Bakı, 27 fevral, AZƏRTAC
Səbail Rayon Polis İdarəsinin narkotiklərlə mübarizə və 9-cu polis bölmələrinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan dəstənin daha bir üzvü saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Nurlan Kişiyev və Nicat İmanquliyevdən sonra Allahverdi Orucov da tutulub.
Qeyd edək ki, əməliyyat nəticəsində narkotik vasitələrin satışı ilə məşğul olan Nicat İmanquliyevin yaşadığı evdən ümumi çəkisi 2 kiloqramdan artıq olan heroin aşkarlanaraq götürülmüşdü. N.İmanquliyev ifadəsində narkotik vasitələri satış məqsədi ilə “Alı” adlı şəxsdən əldə etdiyini bildirmişdi.
Səbail Rayon Polis İdarəsinin narkotiklərlə mübarizə və 9-cu polis bölmələrinin əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat nəticəsində özünü “Alı” kimi təqdim edərək narkotik vasitələrin satışı ilə məşğul olan vətəndaş A.Orucov da tutulub. Onun üzərinə və idarə etdiyi avtomobilə baxış zamanı satış üçün qablaşdırılan 11 büküm heroin və metamfetamin, Abşeron rayonunda yaşadığı mənzilindən isə 5 kiloqram qurudulmuş marixuana aşkar edilərək götürülüb. A.Orucov ifadəsində paytaxt və ətraf ərazilərdə narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib.
Saxlanılan şəxslər barəsində Səbail Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb və onlar tutularaq istintaqa cəlb olunublar.
Cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Qeyd edək ki, Səbail Rayon Polis İdarəsinin və 9-cu polis bölməsinin əməkdaşları tərəfindən keçirilən sonuncu əməliyyatlar zamanı ümumilikdə 7 kiloqramdan artıq narkotik vasitənin qanunsuz dövriyyəyə buraxılmasının qarşısı alınıb.