Səbail rayonunda Vətən müharibəsi şəhidlərinin ailələri ziyarət olunub
Bakı, 18 mart, AZƏRTAC
Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının üzvləri Novruz bayramı ərəfəsində Vətən müharibəsi şəhidlərinin ailələrini ziyarət ediblər.
YAP-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Azərbaycanın ərazi bütövlüyü və Vətən torpaqlarının işğaldan azad olunması uğrunda şəhadət zirvəsinə yüksələn qəhrəman oğulların əbədiyaşar, müqəddəs xatirəsi ailə üzvləri ilə birlikdə bir daha yad olunub, keçdikləri şərəfli döyüş yolu xatırlanıb və ruhlarına dualar oxunub.
Şəhid ailə üzvləri ilə söhbət zamanı diqqətə çatdırılıb ki, 44 günlük Vətən müharibəsi Azərbaycan xalqı üçün şərəf və qürur dastanıdır. Vətən torpaqlarının işğaldan azad olunması uğrunda şəhadət zirvəsinə ucalan hər bir şəhidimizin əziz xatirəsi xalqımız tərəfindən əbədi olaraq yaşadılacaq və ehtiramla yad olunacaq. Dövlət səviyyəsində şəhid ailələrinin üzvlərinə göstərilən yüksək diqqət və qayğı xüsusi qeyd olunub. Bildirilib ki, bu ailələrə mənəvi dəstək hər birimizin müqəddəs vətəndaşlıq borcudur.
Şəhid ailələri üzvləri dövlət, müxtəlif təşkilatlar və bütün cəmiyyət tərəfindən onlara göstərilən diqqət və qayğıya görə təşəkkür ediblər, Azərbaycanın şanlı Qələbəsi və qəhrəman övladları ilə qürur duyduqlarını vurğulayıblar.
Şəhid ailələrinə Novruz sovqatı və maddi yardım təqdim olunub.