SİYASƏT
Səbail rayonunda Yeni Azərbaycan partiyasının 21 illiyi qeyd olunmuşdur
Bakı, 20 noyabr (AZƏRTAC). Noyabrın 20-da Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının qərargahında partiyanın yaradılmasının 21-ci ildönümü münasibətilə tədbir keçirilmişdir.
Əvvəlcə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
YAP İdarə Heyətinin üzvü, Səbail rayon təşkilatının sədri Zahid Qaralov partiyanın yaradılmasının 21-ci ildönümü münasibətilə tədbir iştirakçılarını təbrik etmişdir. Z.Qaralov YAP-ın 21 illik fəaliyyəti dövründə sıralarını kəmiyyət və keyfiyyət baxımından daha da möhkəmləndirdiyini vurğulamışdır. Ötən illər ərzində YAP-a böyük xalq sevgisinin, dəstəyinin yarandığını bildirən rayon təşkilatının sədri Azərbaycanın 1992-ci ildə üzləşdiyi ağır vəziyyətdən danışmışdır. O demişdir: “Xaos, anarxiya vəziyyətində olan bir ölkənin rəhbərliyinə güclü və uzaqgörən şəxsiyyətin gətirilməsi əsas şərt idi. Məhz belə bir vaxtda 91 nəfər Azərbaycan ziyalısının imzası ilə Naxçıvana, ulu öndər Heydər Əliyevə müraciət göndərildi. Azərbaycanın ən yeni tarixinə “91-lər”in müraciəti kimi daxil olmuş həmin müraciət əslində bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Azərbaycanın görkəmli ziyalıları, tanınmış insanları və nüfuzlu şəxsiyyətlərinin imzaladıqları bu müraciətdə Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu. Ulu öndər Heydər Əliyevə 91 ziyalının müraciəti təkcə 91 nəfərin deyil, ölkədə baş alıb gedən hakimiyyət böhranı nəticəsində yaranmış hərc-mərclikdən, özbaşınalıqdan cana doymuş bütöv bir xalqın Ümummilli Liderə böyük ümidinin ifadəsi idi. Ümumilikdə, Azərbaycan vətəndaşlarının ictimai maraq və mənafelərinin ifadəsi olan 91 nəfər ziyalının ulu öndər Heydər Əliyevə “Azərbaycan Sizin sözünüzü gözləyir” adlı müraciətində həmin dövrün səciyyəvi cəhətləri geniş təhlil olunaraq bu inam ifadə edilmişdir ki, indiki vəziyyətdə bu çətin, məsuliyyətli işi respublikada öz üzərinə götürməyə qadir yeganə şəxs Sizsiniz. Ümummilli lider Heydər Əliyev bu müraciətə cavabı ilə müstəqil dövlətimizin gələcək taleyini müəyyənləşdirdi, YAP-ın obyektiv zərurətdən yarandığını bildirərək belə bir təşkilatın fəaliyyətində iştiraka hazır olduğunu bəyan etdi. 1992-ci il noyabrın 21-də Azərbaycanın əksər bölgələrindən cəmiyyətin bütün təbəqələrini təmsil edən 550 nümayəndənin iştirakı ilə təsis konfransını keçirən Yeni Azərbaycan Partiyasının sıralarında bu gün 650 mindən çox üzvün birləşməsi Heydər Əliyev ideyalarına sədaqətin, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin gələcəyinə inamın göstəricisidir”.
Z.Qaralov vurğulamışdır ki, 1993-cü ildə ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı partiyanın həyatında yeni dövrün əsasını qoymuşdur. Dövlətə, xalqa xidməti fəaliyyətinin əsas prinsipi kimi qəbul edən YAP-ın cəmiyyətdə nüfuzunun artmasında, sıralarının genişlənməsində bu amilin rolu inkaredilməzdir. Dövlətimizin başçısı İlham Əliyev bu günün reallıqlarına əsaslanaraq YAP-ın nəinki ölkənin, bölgənin aparıcı siyasi qüvvəsi olduğunu bildirir.
Tədbirdə YAP-a yeni qəbul olunan bir qrup gəncə partiyanın üzvlük vəsiqəsi təqdim olunmuşdur.
Sonda Səbail Rayon İcra Hakimiyyəti tərəfindən YAP Səbail rayon təşkilatına kompyuter və bir qrup partiya fəalına hədiyyələr verilmişdir.
Tədbir bayram konserti ilə davam etmişdir.