SEÇİCİLƏR VƏ MÜŞAHİDƏÇİLƏR SEÇKİLƏRİNGEDİŞİNDƏN RAZIDIRLAR
12 saylı seçki dairəsinin sədri Qəşəm Əhmədzadə AZƏRTAC-a bildirmişdir ki, seçki başlayandan saat 14.00-dək 38934 seçicidən 7000 nəfərdən çoxu istədiyi namizədə səs vermişdir. Heç bir qanun pozuntusu müşahidə olunmamış və seçicilər mütəşəkkil qaydada səsvermədə iştirak edirlər.
1201 seçicinin səs verəcəyi 11 saylı seçki məntəqəsinin sədri Xanımgül Hüseynovanın sözlərinə görə, qanunazidd hallara rast gəlinməmiş, seçkinin bütün qaydalarına əməl olunur.
Müşahidəçi - AXCP-nin üzvü İslam Əyyubov: Hələlik heç bir qanun pozuntusuna yol verilməyib, seçkilər öz qaydasında gedir.
Seçkidə müşahidəçi qismində iştirak edən AMİP-in üzvü Şahverdi Piriyev: Heç bir narahatçılıq yoxdur. Seçkilər tam demokratik şəraitdə davam edir. Hər bir seçici gəlib istədiyi namizədə səs verir. Biz hələlik seçkilərin gedişindən 100 faiz razıyıq.
Müstəqil müşahidəçilər Bəhruz Kəngərli, İkram Xəlilov, Rafiq Rəhimov, Elgiz Abdullayev və digərləri seçkilərin mütəşəkkilliyini nəzərə çarpdırmış, əhalinin seçkilərdə fəal iştirakını qeyd etmişdir.
Exit–pollu aparan Mahir Quliyev: Biz saat 8-dən buradayıq. Əhalinin seçkilərdə fəal iştirakını xüsusilə vurğulamalıyıq. Seçkilər normal qaydada gedir. Seçicilərin əksəriyyəti bizə özləri yaxınlaşıb səs verdikləri namizədlərin adlarını açıqlayırlar. Ümumiyyətlə, seçkilər üçün hər cür şərait yaradılıb. Biz bundan çox razıyıq.
Gün ərzində məntəqədə seçicilərin fəallığı nəzərə çarpırdı.
Şükufə Babayeva (təqaüdçü): Mən ürəyim istədiyi namizədə səs vermişəm. Şəhid anasıyam. Üç oğul itirmişəm. Mən bu seçkilərdən çox şey gözləyirəm. Mənim ən böyük arzum torpaqlarımızın geri qaytarılmasıdır. Bu, mənə həyatda var-dövlətdən artıqdır.
Amil Zeynalov (rayon sakini): Seçkilər tam demokratik qaydada keçir. Heç kəsin təzyiqi olmadan seçki hüququmdan istifadə edib, istədiyim namizədə səs vermişəm. Əminəm ki, seçkidən sonra İnşallah, dövlətimiz daha da güclənəcəkdir.
Seçkinin gedişini izləyən ATƏT-in müşahidəçisi Valeriya Solomon: Biz 12 saylı Qaradağ-Yasamal–Binəqədi seçki dairəsini əhatə edirik. Çalışacağıq ki, bu dairə üzrə 34 seçki məntəqəsinin əksəriyyətinə baş çəkək. Rəsmi açıqlama isə ATƏT-in hesabatında veriləcəkdir. Hələlik biz heç bir açıqlama verə bilməyəcəyik.
Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova da 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsinin bir çox məntəqələrində olmuş, seçkilərin gedişi ilə maraqlanmış və razılığını bildirmişdir.