SEÇKİ MƏNTƏQƏLƏRİNDƏ MÜXALİFƏTDƏN OLAN NAMİZƏDLƏR TƏRƏFİNDƏN QANUN POZUNTULARI MÜŞAHİDƏ OLUNMUŞDUR
Bununla yanaşı, müşahidəçilər tərəfindən 110 saylı Zaqatala və 42 saylı Sumqayıt ikinci seçki dairəsinin məntəqələrində ayrı-ayrı qanun pozuntuları qeydə alınmışdır. YAP İcra Katibliyinə daxil olan məlumatlardan göründüyü kimi, deputatlığa namizəd Arif Hacılının özü və vəkil etdiyi şəxslər bəzi məntəqələrdə seçki prosesinə qanunazidd olaraq müdaxilələr etmiş, seçicilərə müxtəlif vasitələrlə təsir göstərməyə cəhd etmişlər. Eyni zamanda, həmin dairədən deputatlığa namizəd Elnurə Mədətovanın yaxın qohumları məntəqələrə daxil olaraq, qanunsuz videoçəkiliş aparmış və seçiciləri ələ almağa cəhd göstərmişlər.
Qanun pozuntuları 42 saylı Sumqayıt ikinci seçki dairəsinin 8, 17, 23, 24, 28 və 32 saylı məntəqələrində də müşahidə edilmişdir. Həmin dairədən deputatlığa namizəd Mirmahmud Fəttayevin nümayəndələri məntəqələrə daxil olaraq, Seçki Məcəlləsinin tələblərinin pozulması ilə müşayiət edilən müxtəlif qanunazidd hərəkərlərə yol vermişlər. Törədilən qanun pozuntuları barədə müvafiq aktlar tətbiq edilmişdir.
Yeni Azərbaycan Partiyası baş vermiş qanun pozuntuları barədə məlumatları və müvafiq aktları araşdıraraq, lazımi tədbir görülməsi üçün Mərkəzi Seçki Komissiyasına təqdim etmişdir.