SEÇKİLƏR DEMOKRATİK VƏ ƏDALƏTLİ KEÇMİŞDİR
Əli Əhmədov Azərbaycanda ilk dəfə tətbiq olunan exit-polla bağlı bildirmişdir ki, bu prosesdə müəyyən narazılıq doğuran məqamlar olmuşdur. Məsələn, exit-poll keçirənlərdən biri olan “PA Consaltinq Group” şirkəti sorğunu keçirmək üçün əsas etibarilə müxalifət təmsilçilərini cəlb etmişdir. 11 saylı Qaradağ, 61 saylı Neftçala, 79 saylı İmişli, 73 saylı Lənkəran, 74 saylı Lənkəran kənd, 37 saylı Gəncə Nizami birinci, 107 saylı Qazax, 57 saylı Kürdəmir, 113 saylı Şəki şəhər seçki dairələrində exit-poll keçirən əməkdaşların hamısı müxalifət partiyalarının təmsilçiləridir. Bütün bu faktlar həmin şirkətin keçirdiyi exit-pollun tərəfsizliyinə ciddi şəkildə şübhələr yaradır.
Səsvermə zamanı baş verən pozuntuların bütövlükdə seçkilərin nəticələrinə mənfi təsir etmədiyini bildirən Ə.Əhmədov demişdir ki, bütövlükdə seçkilər demokratik və ədalətli keçmişdir.
Səsvermənin nəticələri hələ tam açıqlanmamış radikal müxalifət partiyalarının seçkilərin demokratikliyini şübhə altına aldığı barədə məlumatlarla əlaqədar Əli Əhmədov bildirmişdir ki, bununla onlar əslində öz məğlubiyyətlərini etiraf etmiş olurlar.
Artıq beynəlxalq müşahidəçilərin seçki prosesi ilə bağlı xeyli müsbət fikirlər söylədiklərini xatırladan partiya sədrinin müavini sonda jurnalistlərin suallarına cavab vermişdir.