Sədr: Hesablama Palatası dövlət satınalmalarının rəqəmsal auditinə keçidi genişləndirir VİDEO
Bakı, 1 iyul, AZƏRTAC
Azərbaycanda dövlət satınalmaları sahəsində son illər genişmiqyaslı institusional və rəqəmsal islahatlar həyata keçirilir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Ali Audit Qurumların Beynəlxalq Təşkilatının (INTOSAI) Dövlət Satınalmalarının Auditi üzrə İşçi Qrupunun Bakıda keçirilən illik toplantısındakı çıxışı zamanı deyib.
Sədr qeyd edib ki, 2024-cü il yanvarın 1-dən qüvvəyə minmiş “Dövlət satınalmaları haqqında” yeni qanun satınalma proseslərinin daha şəffaf, rəqabətli və səmərəli təşkilinə hüquqi baza yaradıb: “Həmçinin bu sahədə dövlət siyasətini həyata keçirən qurumun idarəetmə modelində institusional dəyişikliklər aparılıb”.
Onun sözlərinə görə, Hesablama Palatası dövlət satınalmalarının auditi üzrə metodiki sənəd qəbul edib və beynəlxalq təcrübə nəzərə alınmaqla həmin sənədin yenilənməsi nəzərdə tutulur.
“Bununla yanaşı, dövlət satınalmaları informasiya sistemində toplanan məlumatların xüsusi proqram təminatı vasitəsilə avtomatlaşdırılmış qaydada emalına başlanılır. Elektron platformaların tətbiqi auditorlara satınalma prosesini real vaxt rejimində izləmək, riskləri daha operativ müəyyənləşdirmək və auditin keyfiyyətini yüksəltmək imkanı yaradacaq”, - deyə Vüqar Gülməmmədov vurğulayıb.