Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbərliyi şəhid ailələrini ziyarət edib
Bakı, 19 mart, AZƏRTAC
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəhbərliyi ictimaiyyət nümayəndələrinin iştirakı ilə Novruz bayramı ərəfəsində şəhid ailələrini ziyarət ediblər.
SHXÇDX-dən AZƏRTAC-a verilən məlumata görə, Xidmət rəisi, general-polkovnik Arzu Rəhimov şəhid ailələri ilə görüşdə qeyd edib ki, ötən ilin sentyabrın 27-də başlayan Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri misilsiz qəhrəmanlıq nümayiş etdirərək torpaqlarımızın azad olunmasını, şanlı Qələbə qazanılmasını təmin edib. Ölkə rəhbərliyi tərəfindən şəhid ailələrinin, müharibə veteranları və əlillərinin dövlət qayğısı ilə əhatə olunduğu vurğulanıb.
Prezident İlham Əliyevin şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakıda “Vətən müharibəsi” memorial kompleksinin və “Zəfər” muzeyinin yaradılması haqqında Sərəncamının, həmçinin yaralananların və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə “YAŞAT” Fondunun yaradılması barədə Fərmanının şəhidlərə, qazilərə və onların ailələrinə xüsusi diqqətin göstəricisi olduğu bildirilib.
SHXÇDX-nin yerli idarə, şöbə və bölmələri tərəfindən respublikanın bütün şəhər və rayonlarını əhatə etməklə bir qrup şəhid ailələrinin ziyarəti həyata keçirilib.