SİYASƏT
SƏFİR İTTİHAMLARI TƏKZİB EDİR
Son vaxtlar respublikadakı bəzi müxalifət qəzetlərində Azərbaycanın Ankaradakı səfirliyinin 1993-cu ildə Türkiyənin Ziraət bankında açdığı yardım hesabı və burada toplanan vəsait haqqında müxtəlif yazılar dərc olunur.
Səfir Məmməd Əliyev bunlara münasibətini açıqlayaraq demişdir:
- Qərəzli və çirkin yazılara əvvəllər də kəskin etirazımı bildirmişəm. Bütün bu böhtan və təhqirlərə məhkəmə yolu ilə cavab verəcəyik. Ancaq ictimaiyyətimizdə yanlış təəssürat yaranmaması üçün həqiqəti açıqlamağı özümüzə borc bilirik.
1993-cü ilin əvvəllərində Azərbaycana yardım məqsədi ilə dost və qardaş ölkənin dövlət bankı olan Ziraət bankında xüsusi hesab açdıq. Onu da deyim ki, həmin hesaba ilk vəsaiti mən və burada işləyən azərbaycanlı professor və müəllimlərimiz qoydu. Geniş təbliğat işi apardıq. Qısa müddətdə bu hesabda 180.000 ABŞ dolları məbləğində vəsait toplandı.
Bu barədə Bakıya məlumat verdik. Ancaq o zaman nazirlərin bir çoxu vəzifəsini “dondurmuşdu”. Azərbaycan vətəndaş müharibəsi təhlükəsi ilə qarşı-qarşıya gəlmişdi. Toplanan vəsaitin haraya, hansı hesaba köçürmək lazım olduğu bəlli deyildi. Belə şəraitdə bu vəsaiti yüksək faiz verən Türkiyənin dövlət bankına - Xalq bankına keçirdik. Ötən illər ərzində onun üstünə 97 min ABŞ dolları məbləğində faiz gəldi. Bakıdan təlimat aldıqdan sonra bütün bu vəsaiti, yəni 277.000 ABŞ dollarını oraya göndərdik.
İndiyə qədər səfirliyin maliyyə işləri 3 dəfə xüsusi dövlət komissiyaları tərəfindən təftiş olunmuş, pozuntu aşkar edilməmişdir.
Tural Rzayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara