CƏMİYYƏT
Şəhid ailələrinin üzvləri və qazilər üçün Novruz şənliyi təşkil edilib
Bakı, 16 mart, AZƏRTAC
Cəbrayıl Rayon İcra Hakimiyyəti və "Dayaq" Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə Dəstək Təşkilatı Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş "Novruz dostluq, həmrəylik və yüksək mənəviyyat bayramıdır" adlı tədbir keçirib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları, Cəbrayıl rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələrinin üzvləri, qazilər, Qarabağ müharibəsi veteranları və hərbçilər iştirak ediblər.
250 nəfərin iştirakı ilə keçirilən tədbirdə Milli Məclisin deputatları Aydın Mirzəzadə, Elman Nəsirov və Vüqar İskəndərov, Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, YAP Cəbrayıl rayon təşkilatının Ağsaqqallar şurasının sədri Vaqif Məhərrəmov, “Xudafərin” şadlıq sarayının rəhbəri Siyavuş Əsgərov, “Dayaq” Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə Dəstək Təşkilatının sədri Qalib Əliyev və şəhid ailələrinin üzvləri çıxış edərək xalqımızın milli bayramı olan Novruzun gəlişi münasibətilə öz təbriklərini çatdırıblar. Qeyd olunub ki, xalqımız artıq üçüncü ildir ki, 30 il işğal altında olan yurd yerlərimizdə də Novruz tonqalları qalamaq imkanı əldə edib. Novruzun ən böyük özəlliyi və hamımızı sevindirən ən böyük məqam da elə bundan ibarətdir.
Tədbirdə çıxış edənlər xalqımızın Ümummilli Lideri Heydər Əliyevin ölkəmizi ötən əsrin 90-ci illərinin mürəkkəb tarixi-siyasi hadisələrindən məharətlə çıxarması və ardıcıl mübarizə apararaq onun iqtisadi və hərbi qüdrətini möhkəmləndirmək üçün böyük səy göstərdiyi xüsusi vurğulanıb. Bugünkü azad Azərbaycan onun ən böyük amalı idi. Xalqımız bu günə dahi və müdrik rəhbərin siyasi kursunun layiqli varisi İlham Əliyevin rəhbərliyi ilə çatıb.
Kosa, Keçəl, Bahar qız və Dədə Qorqud tədbir iştirakçılarına bayram münasibətilə təbriklərini çatdırıb, “Xudafərin” teatrının təşkil etdiyi Novruz tamaşası qonaqlara xoş ovqat bəxş edib.
Novruza aid şeirlər, mahnılar, saz havaları səslənib, iştirakçılar tort süfrəsi ətrafına dəvət olunublar.