Şəhid kapitan Vüsal Quliyevin övladları “Xarı bülbül” onlayn şeir müsabiqəsinin qalibi olublar
Lənkəran, 15 dekabr, Bağır Əliyev, AZƏRTAC
Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən “Xarı bülbül” onlayn şeir müsabiqəsinə yekun vurulub. Şəhid kapitan Vüsal Quliyevin övladları onlayn müsabiqənin qalibi olublar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, dekabrın 15-də Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin rəisi Mikayıl Cəfərzadə və idarənin kollektivi Vətən müharibəsində şəhid olmuş kapitan Vüsal Quliyevin ailəsinə baş çəkib, məzarını ziyarət ediblər.
Şəhid kapitan Vüsal Quliyevin oğlu Hüseynəli Quliyev onlayn şeir müsabiqəsində birinci, qızı Rüqayə Quliyeva isə ikinci yerə layiq görüldüyünə görə onlara diplomlar və hədiyyələr təqdim olunub.
Qeyd edək ki, şəhid Quliyev Vüsal Tahir oğlu 5 may 1985-ci il tarixində Lənkəran şəhərində anadan olub. O, 2002-ci ildə Lənkəran Şəhər Gimnaziya Məktəbini bitirdikdən sonra Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olub və 2007-ci ildə ali təhsil müəssisəsini bitirib.
İgid döyüşçü müxtəlif hərbi hissələrdə xidmət edərək kapitan rütbəsinə və kəşfiyyat rəisinin müavini vəzifənədək yüksəlib.
Vüsal Quliyev ailəli idi, 2 uşağı var.
Cəsur zabitimiz sentyabrın 28-də Vətən müharibəsində Suqovuşan döyüşlərində qəhrəmancasına şəhid olub. Allah rəhmət eləsin!