Şəhid övladları Çanaqqala Dəniz Zəfərinin 106-cı ildönümünə həsr olunmuş proqramda iştirak ediblər
Bakı, 19 mart, AZƏRTAC
“YAŞAT” Fondunun təşəbbüsü ilə şəhidlərimizin övladları “Övladlarımız tək ürək” 18 mart Şəhidlərini anım günü və Çanaqqala Dəniz Zəfərinin 106-cı ildönümünə həsr olunmuş proqramda iştirak ediblər.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, proqram Türkiyənin Vətən Ulduzları Fondunun təşkilatçılığı ilə martın 17-18-də Ankara şəhərində reallaşdırılıb.
Məqsəd Çanaqqala zəfərinin qürurunu yaşadan, Vətənin birliyi, müstəqilliyi və bütövlüyü uğrunda canlarını fəda etmiş əziz şəhidləri anmaq olub.
Tədbirdə Türkiyə, Azərbaycan, Türkmənistan, Şimali Kiprdən olan şəhid övladları iştirak ediblər.
Tarixdə ilk dəfədir təşkil olunmuş bu proqramda türk dövlətlərindən olan şəhidlərin övladları “tək ürək” adı altında bir araya gəliblər.
Proqram çərçivəsində Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün məzarı - Anıtqəbirə ziyarət, müxtəlif tarixi və etnoqrafik məkanlara, muzeylərə ekskursiyalar, o cümlədən sərgilər və musiqili tədbirlər təşkil olunub.
Xatırladaq ki, martın 10-dan 13-dək Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyəyə səfər edib. Səfər çərçivəsində Türkiyə Silahlı Qüvvələrinin nəzdində fəaliyyət göstərən fondlarla “YAŞAT” Fondu arasında əməkdaşlıqla bağlı razılıq əldə olunub.
Məhz şəhidlərimizin övladlarının müvafiq proqramda iştirakı əməkdaşlıqla bağlı əldə olunmuş razılıq tədbirləri çərçivəsində baş tutub. Tədbirə Vətən müharibəsi şəhidlərimizin 17-22 yaşlı övladları qatılıblar.