Şəhid Seymur Əzizalıyevin doğum günündə xatirəsi anılıb
İmişli, 27 iyul, Aydın Yavərzadə, AZƏRTAC
İyulun 27-də şəhid Seymur Əzizalıyevin 20 yaşı vətənpərvərlik dolu xatirələri ilə qeyd olunur. Çünki onun ən böyük sevgisi uğrunda canını fəda etdiyi Vətəninə idi. Sonuncu dəfə elə Vətən keşiyində olarkən doğum gününü qeyd etmişdi.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 2004-cü il iyulun 27-də İmişli şəhərində dünyaya göz açan Əzizalıyev Seymur Teyyub oğlu evin sonbeşik övladı idi. Seymurun hələ kiçik yaşlarında hərb sənətinə böyük marağı vardı. O, həm də vətənpərvərliyi, əxlaqı və davranışı ilə seçilib. 2020-ci ildə Vətən müharibəsi zamanı 10-cu sinif şagirdi olan Seymur hərbçi olmağı qərara alıb. Orta məktəb vaxtlarında güləş və kikboksinqlə məşğul olan Seymur 2022-ci ildə hərbi xidmətə yollanıb, çevikliyi və bacarığı sayəsində normativlərin öhdəsindən layiqincə gələrək xüsusi təyinatlılar sırasında kəşfiyyatçı olaraq yer alıb. 2023-cü ilin sentyabr ayında antitterror tədbirləri zamanı Seymur da döyüşə qoşulanlardan biri olub. O, qarşıya qoyulan döyüş tapşırıqlarını layiqincə yerinə yetirərək Xocavənd və Xocalı ərazisində gedən əməliyyatlarda iştirak edib. Növbəti əməliyyat tapşırığı yeri olan Xankəndi istiqamətində düşmən tərəfindən atılan minomyot mərmisi Seymurun yaxınlığına düşüb və o, qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.
Şəhidin doğum günündə xatirəsini ehtiramla yad edənlər sırasında ailə üzvləri ilə bərabər şəhid ailələri, müharibə iştirakçıları, rayon ictimaiyyətinin və icra hakimiyyətinin nümayəndələri yer alıb. Şəhidin məzarı ziyarət olunub və şəhidlərimizin döyüşlərdə göstərdikləri igidliklərdən danışılıb. Tarixi ədalətin Azərbaycanın gücü və dəmir iradəsi ilə bərpa olunduğu diqqətə çatdırılıb, həmçinin Vətən müharibəsi və antiterror tədbirləri zamanı bizlərə qalibiyyət sevinci yaşadan şəhidlərimizin əziz xatirələrinin hər zaman ehtiram və minnətdarlıqla anılacağı vurğulanıb.
Qeyd edək ki, Seymur Əzizalıyev döyüşlərdə göstərdiyi şücaətə görə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Vətən uğrunda" medalı ilə təltif edilib.