Şəhidlərimizin xatirəsi bizim üçün daim əzizdir
Bakı, 20 yanvar (AZƏRTAC). Ümumxalq Hüzn Günü xalqımız igid övladlarının fədakarlığını məhəbbətlə xatırlayır, onların əziz xatirəsini böyük ehtiramla yad edir. Bu qədirbilənlik həm də o deməkdir ki, az keçməyəcək Qarabağda da eyni mətinliklə qələbə qazanacağıq.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Metropoliteninin “20 Yanvar” stansiyasının üzərindəki 20 Yanvar dairəsində şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksini ziyarətə gələn Səhiyyə Nazirliyi Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun şöbə müdiri Ədalət Əliyev demişdir.
Bildirmişdir ki, vaxtilə güvənib, etibar etdiyimiz sovet qoşunları 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda ağlasığmaz vəhşiliklər törədərək günahsız, əliyalın insanları qətlə yetirmişlər. O vaxt bu hadisələrə ümummilli liderimiz Heydər Əliyev sərt münasibət bildirmiş, ölkəmizin haqq səsini ilk dəfə dünyaya çatdırmışdır. Məhz ulu öndərimizin qətiyyəti və müdrikliyi sayəsində 20 Yanvar hadisələrinə siyasi qiymət verilmişdir. Ulu öndərin siyasi kursunu inamla davam etdirən Prezident İlham Əliyev də ölkəmizin azadlığı, suverenliyi uğrunda həlak olanların xatirəsinə böyük ehtiram bəsləyir, şəhidlərin ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi, onlara dövlət qayğısının daha da artırılması məqsədi ilə mühüm qərarlar qəbul edir.
Ə.Əliyev demişdir ki, o vaxtdan 23 il keçsə də, şəhidlərimizin xatirəsi bizim üçün daim əzizdir. Qoy şəhidlərimiz rahat uyusunlar. Çünki onların azadlığı uğrunda canlarından keçdiyi bu Vətən bu gün inkişaf edir, böyük uğurlara imza ataraq sabaha inamla baxır.