Şəhidlərin xatirəsi “20 Yanvar” meydanında da yad edilmişdir
Bakı, 20 yanvar (AZƏRTAC). Bakı Metropoliteninin “20 Yanvar” stansiyasının üzərindəki 20 Yanvar dairəsində şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksinin yaxınlığında səslənən kədərli musiqinin qəlb göynədən ahəngində 23 illik həsrətin, ayrılığın ağrısı, acısı boylanırdı. Baxışlardan başımıza gətirilən bu faciənin günahkarlarına lənətlər oxunurdu. Əllərində tər çiçəklər tutmuş bu insanların düşmənə nifrət dolu baxışlarında həm də bir qurur, mübarizlik özünü göstərirdi. Ziyarətə gələnlər arasında yaşlı insanlar da çox idi. Onlar bu məkanda baş verənləri yaxşı xatırlayırlar. Bilirlər ki, o müdhiş gecədə millətinin azadlığı uğrunda günahsızcasına qətlə yetirilənlərin çoxu məhz burada düşmən gülləsinə tuş gəlmişdir. Elə bu səbəbdəndir ki, bu kompleks də insanların ziyarətgahına çevrilmişdir.
AZƏRTAC xəbər verir ki, Yasamal rayonunda fəaliyyət göstərən idarə və müəssisələrin kollektivləri, paytaxt ictimaiyyətinin nümayəndələri 20 Yanvar faciəsinin 23-cü ildönümü ilə əlaqədar 20 Yanvar meydanındakı abidə kompleksinin önünə əklil qoymuş, gül düzmüş, şəhidlərin xatirəsini ehtiramla yad etmişlər.
Buraya üz tutanlardan biri - Böyük Vətən müharibəsinin veteranı Bəkir Məmmədov deyir ki, tarixdə çox qırğınlar baş verib, lakin 20 Yanvar faciəsinin miqyası daha böyükdür. Bu səbəbdə də 20 Yanvar Azərbaycan xalqının hüzn və şərəf günüdür. Xalqımız bu faciədə həyatdan getmiş övladlarına matəm saxlamaqla bərabər, onların şəhidlik zirvəsinə baxaraq başını dik tutmalıdır. Çünki Vətən və torpaq şəhidləri ilə ucalır. Bu gün Qanlı Yanvarın 23-cü ildönümüdür. 23 il öncə Azərbaycan xalqının taleyində nəhs və qorxunc günlər yaşanırdı. Xalqımız qırmızı imperiyanın “Qızıl ordusu”nun, sovet hərb maşınının zoruna məruz qalmışdı. Xalqımız təcavüzə uğramış, günahsız insanlar gülləbaran edilmiş, milli heysiyyətimiz tankların tırtılları altına atılmışdı. 20 Yanvar faciəsi Azərbaycan xalqını qorxutmaq, onun milli oyanışını, torpaq, Qarabağ uğrunda mübarizliyini məhv edib sındırmaq məqsədi daşıyan mənfur planın tərkib hissəsi idi. Unutmamalıyıq ki, 20 Yanvar Azərbaycan xalqının tarixində, sadəcə, ağı və acı ilə xatırlanacaq gün deyil. 20 Yanvar həm də xalqımızın şan və şərəf günüdür. Həmin hadisələr bir daha nümayiş etdirdi ki, Azərbaycan xalqı öz azadlıq mübarizəsinə qalxmaq, pozulmuş hüquqlarının, suverenliyinin bərpa olunması uğrunda savaşmaq əzminə sahibdir”.
Faciənin 23-cü ildönümü münasibətilə metronun “20 Yanvar” stansiyasının əməkdaşları da stansiyada qərənfillərlə matəm kompozisiyası qurmuşlar. Ölməz şəhidlərimizin mübarizə, mərdlik və sevgisi dolu ömür yolunun rəngarəng tər qərənfillərin “dili” ilə təqdim edildiyi bu kompozisiya hər bir kəsi tələsməməyə, dayanmağa, bu faciənin qurbanı olan oğul və qızlarımızı anmağa səsləyirdi. Elə bu səbəbdən də metrodan istifadə edən insanlar bu kompozisiyanın qarşısında dayanır, şəhidlərin xatirəsini ehtiramla anırdılar.