Səhiyyə Nazirliyi ölkədə quş qripinin yayılmasına qarşı kompleks tədbirlər görür. Bakı Şəhər Baş Səhiyyə İdarəsinin rəhbəri Leyla Seyidbəyova mətbuat konfransında bildirmişdir ki, nazirlikdə dezinfeksiya preparatları, habelə bu xəstəliyin müalicəsində ən səmərəli vasitə olan 550 qutu “Tamiflyu” dərmanı ehtiyatı yaradılmışdır. Quş qripinə yoluxması güman edilən xəstələrin qəbulu üçün Elmi Tədqiqat Ağ Ciyər Xəstəlikləri İnstitutunda və 7 nömrəli şəhər infeksion xəstəxanasında palatalar hazırlanmışdır. Səhiyyə Nazirliyi artıq Rusiyadan xüsusi dezinfeksiya avadanlığı - 9 maşın və 200 püskürdücü aparat, habelə xəstə quşların leşlərini məhv etmək üçün maşın almışdır. Bakı Şəhər Səhiyyə İdarəsində, Respublika Gigiyena və Epidemiologiya Mərkəzində, Dövlət Baytarlıq Xidmətində “qaynar xətlər” fəaliyyətə başlamışdır. Əhali bu “xətlər” vasitəsilə xəstəliyin profilaktikası barədə məlumat ala, ev quşlarının mümkün yoluxma halları barədə məlumat verə bilər.
Səhiyyə Nazirliyinin baş epidemioloqu, professor İbadulla Ağayev bildirmişdir ki, hazırda Azərbaycanda insanın quş qripinə yoluxması halı qeydə alınmamış, yalnız Abşeron yarımadasında su quşlarında infeksiya aşkar edilmişdir. Azərbaycan vətəndaşlarından götürülmüş və Dünya Səhiyyə Təşkilatının Qahirədəki laboratoriyasına göndərilmiş qan nümunələrində quş qripi infeksiyası tapılmamışdır. Səhiyyə nazirinin əmri ilə akademik V.Axundov adına Milli Tibbi Profilaktika İnstitutunda və Respublika Gigiyena və Epidemiologiya Mərkəzində bir neçə gün ərzində yüksək hərarət müşahidə ediləcək xəstələrdən qan nümunələri götürüləcəkdir. Qan nümunələri analiz üçün Qahirə laboratoriyasına göndəriləcəkdir.