“Səhləb çiçəklərinin şousu: güllər dəbdədir” sərgisi Nyu-Yorkda nümayiş olunur








Bakı, 22 fevral, AZƏRTAC
Nyu-York Botanika bağında “Səhləb çiçəklərinin şousu: güllər dəbdədir” sərgisinin nümayişinə başlanıb. Təqdim edilən ekspozisiya belə demək olarsa, qış mövsümündə qəfil gələn bahar fəsli kimi müasir dəbin və güllərin ecazkar ahəngini tərənnüm edir.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, sərgidə müxtəlif rəngdə və çeşiddə səhləb çiçəkləri və digər güllər nümayiş olunur. Modelyer Hillari Teylor “Collina Strada”, Oliviya Çenq “Dauphinette”, Kristen Alpo isə “Flwr Pstl” üçün orijinal əsərlər yaradıblar.
Sərgi zalına daxil olan ziyarətçilər səhləb çiçəkləri, kiklad, ayıdöşəyi və xurma ağacları ilə əhatə olunmuş güzgülü pilləkənlərdə möhtəşəm şəkildə düzülmüş manekenlərin əynində “Dauphinette” çiçək paltarlarını görürlər. Geyimlər canlı və rəngarəng materiallardan hazırlanır, baş geyimləri üçün tillandsiyadan, saç telləri üçün isə tropik yumru yosun bitkisi olan hupersiyadan istifadə edilir.
“Flwr Pstl” manekenləri 60-cı illərin üslubunda, rəngli günəş eynəkləri, canlı çiçəklər və aksesuar qismində antorium bitkilərindən istifadə edilməklə hazırlanıb. Digər əsərlər isə daha mürəkkəb gözəlliyə malikdir: məsələn, manekenlərdən biri su zanbağı və halqa ətək şəklində narıncı səhləb çiçəkləri ilə bəzədilib.
Son qalereya, təkrar emal edilmiş materiallardan istifadə edən “Collina Strada” çiçək modasını təqdim edir. Əl işinə bretelsiz olan və səhləb çiçəkləri ilə bəzədilmiş zərif əlbisə daxildir.
Səhləb çiçəkləri əsrlər boyu sənətkarları ilhamlandırıb, nümayiş etdirilən “Səhləb çiçəklərinin şousu: güllər dəbdədir” sərgisi isə soyuq qış günlərində ziyarətçiləri onların füsunkar əzəmətinə qərq olmağa dəvət edir. Sərgi aprelin 21-dək davam edəcək.