ŞƏKİ KƏRPİC ZAVODUNDA SINAQ MƏHSULUNUN BURAXILIŞINA BAŞLANILIB
Şəki-Balakən magistral yolunun kənarında, Daşüz kəndinin yaxınlığında yerləşən yeni emal müəssisəsi “Azəraqrartikinti” ASC-nin Şəki yerli tikinti materialları istehsalı filialı tərəfindən tikintisinə başlanılan və 1993-cü ildən tikintisi yarımçıq qalmış kərpic zavodunun bazasında yaradılmışdır. Zavodda yenidənqurma işlərinin aparılması üçün Türkiyənin “York Produkcts İnc” şirkəti tərəfindən 1 milyon 836 min ABŞ dolları məbləğində kredit ayrılmışdır. Emal müəssisəsində Türkiyənin “ANMAKSAN” şirkətinin istehsal etdiyi müasir avadanlıq quraşdırılmışdır. Zavodun yenidən qurulmasına ümumilikdə 3 milyon ABŞ dolları məbləğində vəsait xərclənmişdir. İnşaat işlərini “NCNQ” Məhdud Məsuliyyətli Cəmiyyətin kollektivi həyata keçirmişdir.
Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına uyğun inşa edilən yeni müəssisə gələcəkdə tam gücü ilə fəaliyyət göstərdikdə burada gün ərzində 7 çeşiddə 40-50 min ədəd bişmiş kərpic, habelə üzlük beton tava və digər tikinti materialları istehsal olunacaq, işçilərin sayı isə 150 nəfərə çatdırılacaqdır. 10 hektar ərazidə yerləşən bu emal müəssisəsinə kərpic bişirmə kürələri, hormon sobaları, qurutma sexləri, hazır məhsulun yığılması üçün talvarlar, habelə geniş ofis binası, yeməkxana, duşxana və digər xidmət otaqları daxildir.