Şəki-Zaqatala bölgəsi üzrə “Zəkaların mübarizəsi” olimpiadasının bilik yarışının qalibi müəyyənləşib
Şəki, 21 aprel, AZƏRTAC
Aprelin 21-də Şəki şəhərində “Zəkaların mübarizəsi” olimpiadası çərçivəsində bilik yarışının region mərhələsi keçirilib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin məsul əməkdaşı Mahal Məmmədov məlumat verib.
Şəki şəhər R.Ocaqov adına Uşaq-Gənclər İnkişaf Mərkəzində təşkil olunan yarış Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Bilik yarışının açılış mərasimində Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdir müavini Hafiz Pənahov çıxış edərək, olimpiadanın əhəmiyyətindən danışıb, bu cür yarışların şagirdlərin intellektual inkişafında və onların gələcək uğurlarında mühüm rol oynadığını vurğulayıb.
Bilik yarışında yerli təhsil sektorlarının IX-XI sinif şagirdlərindən ibarət komandalar riyaziyyat, rəqəmsal texnologiyalar, təbiət və humanitar elmlər, mədəniyyət və incəsənət sahələri üzrə səsləndirilən sualları cavablandırıblar.
Bilik yarışının yekun nəticəsinə əsasən, Oğuz rayonu üzrə təhsil sektorunun şagirdlərindən ibarət komanda region mərhələsinin qalibi olub. Qalib komanda “Zəkaların mübarizəsi” olimpiadasının respublika mərhələsində Şəki-Zaqatala Regional Təhsil İdarəsini təmsil edəcək.
Qeyd edək ki, Heydər Əliyev Fondu və Elm və Təhsil Nazirliyinin birgə layihəsi çərçivəsində təşkil olunan “Zəkaların mübarizəsi” olimpiadasının keçirilməsində əsas məqsəd ümumtəhsil müəssisələrində təhsil alan şagirdlərdə fənlərin dərindən öyrənilməsinə marağın artırılması, onların dünyagörüşünün genişləndirilməsi, sağlam rəqabət mühitinin formalaşdırılması, müxtəlif regionlardan olan şagirdlər arasında dostluq əlaqələrinin qurulması və ümumilikdə, öyrənməyə təşviq etməkdən ibarətdir.
Müxbir – Mustafa Dadaşov