Şəkidə keçirilən konfransda region gənclərinin birliyi və inkişafı məsələləri müzakirə olunub
Şəki, 31 yanvar, Mustafa Dadaşov, AZƏRTAC
2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Şəki şəhərində “Region Gənclərinin Birliyi və İnkişafı” mövzusunda regional konfrans keçirilib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Regional İdarədən məlumat verilib.
Bildirilib ki, Şəki şəhər Olimpiya İdman Kompleksində reallaşan tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin rəisi Ramiz Mahmudov çıxış edərək, iştirakçıları 2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Gənclərin cəmiyyətin ən fəal və dinamik təbəqəsi olduğunu vurğulayan idarə rəisi bildirib ki, onların inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Qeyd olunub ki, region gənclərinin intellektual, fiziki və mənəvi inkişafı üçün davamlı layihələr həyata keçirilir, müxtəlif təlimlər, yarışlar və maarifləndirici tədbirlər təşkil olunur. Ramiz Mahmudov gənclərin milli-mənəvi dəyərlərə sadiq, vətənpərvər ruhda formalaşmasının vacibliyini vurğulayıb, onların gələcəkdə ölkənin inkişafında mühüm rol oynayacaqlarını diqqətə çatdırıb. İdarə rəisi gəncləri öz bilik və bacarıqlarını artırmağa, ictimai fəallıqlarını daha da genişləndirməyə çağırıb.
Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin gənclərlə iş sektorunun müdiri Rövşən Salehli çıxış edərək, 2025-ci il ərzində gənclərlə iş sahəsi üzrə həyata keçirilən tədbirlər barədə hesabat təqdim edib. Diqqətə çatdırılıb ki, il ərzində regionda onlarla maarifləndirici təlim, intellektual yarış, sosial layihə və vətənpərvərlik mövzusunda görüşlər təşkil olunub, minlərlə gənc bu proseslərə cəlb edilib. Eyni zamanda, gənclərin asudə vaxtlarının səmərəli təşkili, sağlam həyat tərzinin təbliği və liderlik bacarıqlarının inkişafı istiqamətində də məqsədyönlü işlər görülüb.
Konfransda daha sonra gənclərin fikir və təklifləri dinlənilib. Gənclər regionda həyata keçirilən layihələrdən məmnun olduqlarını bildirib, gələcəkdə daha çox təlimlərin, intellektual yarışların və karyerayönümlü proqramların təşkil olunması ilə bağlı təkliflərini səsləndiriblər.
Sonda regionda il ərzində fəallığı ilə fərqlənən gənclərə Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin fəxri fərmanları və hədiyyələri təqdim edilib.