ŞƏKİDƏ SOYQIRIMI QURBANLARININ XATİRƏSİ ANILMIŞDIR
Şəki, 31 mart (AZƏRTAC). Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialında 31 mart - Azərbaycanlıların soyqırımı günü ilə bağlı toplantı keçirilmişdir.
Tədbirdə şəhər icra hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov bildirmişdir ki, 31 mart son yüz ildə Azərbaycan tarixində baş vermiş faciəli hadisələrin xalqın yaddaşındakı qanlı izlərini özündə əks etdirir. 1918-ci il martın 30-31-də erməni şovinistləri Azərbaycanda kütləvi qırğınlar, qətliamlar, bəşər tarixində misli görünməmiş soyqırımı törətmişlər.
Mövzu ilə bağlı məruzə edən şəhər icra hakimiyyəti başçısının müavini Zərinə Cavadova bildirmişdir ki, erməni millətçilərinin xalqımıza qarşı həyata keçirdikləri soyqırımı və təcavüz siyasətinin iki yüz ilə yaxın tarixi vardır. Əsrlər boyu erməni təcavüzkarları Azərbaycanın qədim torpaqlarında “Böyük Ermənistan” dövləti yaratmaq xülyasında olmuş və bu ideyanı həyata keçirmək üçün ən iyrənc üsullara əl atmış, bəşəriyyət tarixində bənzəri olmayan vəhşiliklər törətmişlər. Qeyd olunmuşdur ki, XX əsrin əvvəllərində azərbaycanlılara qarşı genişmiqyaslı qanlı aksiyalar həyata keçirən erməni daşnakları 1918-ci ilin martında Bakı, Şamaxı, Quba, Lənkəran, Qarabağ, Naxçıvan, İrəvan və digər bölgələrdə kütləvi qırğınlar törətmiş, on minlərlə soydaşımızı qətlə yetirmişlər.
Natiq bildirmişdir ki, xalqımıza qarşı etnik təmizləmə siyasəti 1948-53-cü və 1988-89-cu illərdə də davam etdirilmiş, təcavüzkar ermənilərin apardıqları işğalçılıq müharibəsi nəticəsində torpaqlarımızın 20 faizi zəbt edilmiş, 20 minədək azərbaycanlı şəhid olmuş, bir milyona yaxın həmvətənimiz doğma torpaqlarından qovulmuşdur.
Toplantıda çıxış edənlər xalqımıza qarşı yüz illər boyu davam edən soyqırımı siyasətinin tarixi kökləri barədə danışmış, soyqırımı hadisələrinə, erməni millətçilərinin qanlı cinayətlərinə hüquqi-siyasi qiymət verilməsində ümummilli liderimiz Heydər Əliyevin tarixi xidmətlərini xüsusi vurğulamışlar.
######
