Şəkidə Ulu Öndərin xatirəsinə həsr olunan futzal turnirində 18 komanda mübarizə aparır
Şəki, 17 aprel, Mustafa Dadaşov, AZƏRTAC
Şəki Olimpiya İdman Kompleksində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə futzal üzrə “Şəki kuboku - 2023” turnirinin startı verilib. Şəki Şəhər İcra Hakimiyyətinin dəstəyi, şəhər Gənclər və İdman İdarəsi və YAP rayon təşkilatının birgə təşkilatçılığı ilə keçirilən turnirdə rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatları təmsil edən 18 komanda 4 qrupda mübarizə aparır.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Şəhər Gənclər və İdman İdarəsindən məlumat verilib.
Turnirin açılış mərasimində şəhər icra hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov, gənclər və idman idarəsinin rəisi Ariz Əhmədov, YAP rayon təşkilatının sədri Daşqın Mikayılov çıxış edərək, Ümummilli Lider Heydər Əliyevin idmanın inkişafına hər zaman böyük önəm verdiyini vurğulayıb, ölkəmizdə idmana olan yüksək dövlət qayğısından bəhs ediblər. Qeyd olunub ki, ənənəvi olaraq keçirilən turnirin əsas məqsədi Ulu Öndərin əziz xatirəsini anmaq, onun həyat və fəaliyyətini, misilsiz xidmətlərini təbliğ etmək, eyni zamanda, müəssisə təşkilatlar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsinə və idmanın kütləviliyinə nail olmaqdan ibarətdir.
“Şəki kuboku - 2023” futzal turnirinə mayın 10-da yekun vurulacaq.