ELM VƏ TƏHSİL
Şəkili müəllimin uğuru
Bakı, 14 fevral, AZƏRTAC
“Bizim müəllim” layihəsinin budəfəki təqdimatı Şəki şəhəri 11 nömrəli tam orta məktəbin kimya müəllimi Xatirə Şabəddinovaya həsr olunub.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, X.Şabəddinova məzunu olduğu Şəki şəhəri 11 nömrəli tam orta məktəbdə kimya fənnini tədris edir. Qabaqcıl müəllimlərdən biri kimi tanınan X.Şabəddinova 2010-cu ildə “Beynəlxalq ətraf mühitin mühafizəsi INEPO” olimpiadasında “Sudan gübrə və avtomobil yanacağının zərərsizləşdirilməsi” layihəsi üzrə şagirdləri ilə birgə iştirak edib. Həmin il layihə ölkəmizdə “Ən yaxşı layihə” olaraq xüsusi yerə layiq görülüb. X.Şabəddinova 2011-ci ildə “Sintetik lif havanı təmizləyir” layihəsi ilə INEPO olimpiadasında şagirdləri ilə iştirak edib və sertifikatla təltif olunub. Təhsil Nazirliyinin təşkil etdiyi “Sabahın alimləri” Respublika müsabiqəsində dəfələrlə layihə rəhbəri olub və sertifikatlara layiq görülüb. 2018-ci ildə Təhsil Nazirliyi tərəfindən “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunub.
Xatırladaq ki, “Bizim müəllim” layihəsi ölkəmizin bütün bölgələrində peşəkarlığı ilə seçilən, müəllimlərin işə qəbulu üzrə müsabiqədə və diaqnostik qiymətləndirmədə yüksək bal toplayan müəllimlərin tanıdılmasına xidmət edir.