İQTİSADİYYAT
SƏNGƏÇAL TERMİNALININ GENİŞLƏNDİRİLMƏSİ PROQRAMI UĞURLA DAVAM EDİR
Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətindən AZƏRTAC-a bildirmişlər ki, Səngəçal terminalının genişləndirilməsi proqramı uğurla davam edir. Mərkəzi Azəridən hasil olunan neft 30 düymlük yeni sualtı boru kəməri vasitəsilə genişləndirilmiş Səngəçal terminalına gətirilir. Bu əsaslı genişlənmənin daha çox nəzərəçarpan əlaməti üç yeni xam neft çənidir ki, onların birgə tutumu 2,7 milyon barreldən artıqdır.
Səngəçal terminalı nefti texnoloji emal edir və özünün 100 faizə yaxın istismar səmərəliliyini saxlamaqdadır. Bu, hər iki platformada hasilatın məhdud sayda dayanmalarla davam etməsinə imkan yaratmışdır.
Texnoloji emal olunmuş neft hazırda Səngəçaldan bazara dəmiryolu da daxil olmaqla mövcud ixrac marşrutları ilə daşınır.
Neftin bir hissəsinin Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac boru kəmərinin doldurulması üçün istifadə olunması da davam edir. Hazırda kəmərə 4 milyon barreldən çox neft vurulmuşdur.