Şenol Talınlı: Bir əsr keçməsinə baxmayaraq insanların Üzeyir Hacıbəyliyə olan marağı çox böyükdür
İstanbul, 10 yanvar, AZƏRTAC
Dahi Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası Ankara Dövlət Opera və Balet Teatrının səhnəsində ilk dəfə 1985-ci ildə nümayiş etdirilib. Bunun ardından 2003-cü ildə teatr rəhbərinin müavini Bülənt Ateşoğlunun layihəsi əsasında əsər yenidən səhnəyə qoyuldu. O vaxt operettanın Azərbaycan dilində oynanması da Ateşoğlunun ideyası idi. Bundan sonra proses davam etdi və məsləhətləşmələrimizə başladıq. Lakin, türk və Azərbaycan dilinin bənzərliyinə baxmayaraq Türkiyə türklərinin əsəri tam başa düşmələri üçün yeni mətnin yazılmasına qərar verildi. Bunun ardından iki-üç həftə ərzində mən bu mətni hər iki dildə istifadə edilən sözlərin əsasında hazırladım və “Arşın mal alan” təxminən yetmiş faizi Azərbaycan dilindən ibarət bir libretto ilə yenidən Türkiyə tamaşaçısının qarşısına çıxdı.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Ankara Dövlət Opera və Balet Teatrının solisti və Türkiyənin Hacettepe Universiteti Dövlət Konservatoriyasının müəllimi, əsərin mətn üzrə redaktoru Şenol Talınlı deyib.
Aktyor bildirib ki, 2003-cü ildən etibarən üç il səhnəyə qoyulan və xalqın çox böyük marağına səbəb olan bu əsərə bilet tapmaq mümkün deyildi. İndi olduğu kimi, o vaxt da əsərin rejissorluğu Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş rejissoru Hafiz Quliyevə həvalə edilib. Orkestrin dirijorluğunu Mustafa Erdoğan edib, dekorasiya isə Yusuf Toker tərəfindən hazırlanmışdı. Bunun ardından “Arşın mal alan” operettası eyni heyətlə 2013-cü ildə yenidən Türkiyədə səhnələşdirildi.
Ş.Talınlı deyib: “Arşın mal alan” operettası yanvarın 13-də keçiriləcək premyerası, eyni dekor və yenə Hafiz Quliyevin rejissorluğu ilə bir daha Ankara Dövlət Opera və Balet Teatrının səhnəsində nümayiş etdiriləcək. Ötən ilin dekabr ayında yenidən məşqlərimizə başladıq və çox böyük həvəslə davam edirik. Lakin, bu dəfə tamaşanın orkestr rəhbəri Rüstəm Rahmedovdur. Fikrimcə çox gözəl alınıb. Artıq ilk iki tamaşa üçün nəzərdə tutulan bütün biletlər satılıb. Bu da bir əsr keçməsinə baxmayaraq insanların dahi Üzeyir Hacıbəyli və dünyaca məşhur “Arşın mal alan” əsərinə olan marağının ən böyük göstəricisidir”.
Qeyd edək ki, əsərdə Əsgər obrazını Şenol Talınlı ifa edəcək.