Səpkilər əmələ gəldikdən üç gün sonra qızılcanın yoluxuculuq qabiliyyəti azalır
Bakı, 6 dekabr, AZƏRTAC
Qızılcaya yoluxandan sonra gizli dövr başlayır. Həmin dövr minimal 6 maksimal 21 gün çəkir. İmmunoqlobulin vurulmayıbsa, insan bu dövrdə xəstələnə bilər. Yoluxuculuq dövrü səpkilərdən əvvəlki 4-5 gün ərzində və səpkilər meydana çıxandan sonra növbəti dörd gün ərzində baş verir. Ən çox yoluxma potensialı ilkin əlamətlər dövrü və səpkilərin əmələ gəlməsinin ilk günləridir. Səpkilər əmələ gəldikdən üç gün sonra yoluxuculuq qabiliyyəti azalır.
AZƏRTAC xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov nazirliyin rəsmi instaqram səhifəsində “Qızılca” mövzusunda yayımlanan canlı yayımda deyib.
“Xəstəlik bir neçə mərhələdən ibarətdir. İnkubasiya dövründən sonra kataral dövr başlayır. Bu zaman burun axması, burun tutulması kimi zökəm əlamətləri, gözün iltihablaşması, öskürək, ağız boşluğunda ağ nöqtə şəklində spesifik ləkələr yarana bilər. Bundan sonra səpmə dövrü başlayır. Səpmə yuxarıdan aşağıya doğru mərhələ-mərhələ - baş, gövdənin yuxarı hissəsi, gövdə və aşağı ətraflar olmaqla baş verir. Qırmızı fonda ləkəli səpkilərdir. Üç gün davam edir. Səpkilər bitdikdən sonra xəstənin qızdırması düşür, ümumi əhvalı yaxşılaşmağa başlayır. Səpkilər dövründə sonra piqmentasiya mərhələsidir. Səpkilər özündən sonra, piqmentasiya, yəni ləkə qoysa da bir müddətdən sonra tam keçir. Öskürək isə 10-14 gün ərzində davam edə bilər. Xəstəlik keçirəndən sonra şəxs möhkəm, davamlı immunitet qazanır və təkrar xəstələnmə hallarına demək olar ki, rast gəlinmir”, - deyə T.Eyvazov qeyd edib.