CƏMİYYƏT
Serbiyalı nazir müavini: COP29 dünya üçün son dərəcə mühüm bir tədbirdir
Bakı, 13 noyabr, AZƏRTAC
COP29 dünya üçün son dərəcə mühüm bir tədbirdir. Çünki dünyanın hər bir ölkəsi demək olar ki, iqlim dəyişikliyinin fəsadları ilə üzləşir. Bunun qlobal xarakter daşıması hər bir ölkənin bu bəlaya qarşı mübarizədə birləşməsini zəruri edir.
Bu sözləri AZƏRTAC-a eksklüziv açıqlamasında Serbiyanın ekoloji qoruma nazirinin müavini xanım Sandra Dokic söyləyib.
Nazir müavininin sözlərinə görə, iqlim dəyişikliyinə qarşı mübarizə üçün maliyyə dəstəyi müəyyən ölkələr üçün çox önəmlidir: “Bu baxımdan COP29-da maliyyələşmə ilə bağlı qəbul olunan qərarlar böyük əhəmiyyət kəsb edir. Tədbirdə inkişaf etmiş ölkələrin inkişaf etməkdə olan ölkələrə bu çətinliklərlə mübarizədə yardım etməsi və onların maliyyə dəstəyini təmin etməsi məsələsi daha çox vurğulanır. Bu mövzu yalnız yerli məsələ deyil, həm də qlobal bir problemdir. İqlim dəyişikliyi bütün dünyaya təsir etdiyi üçün ölkələr arasında əməkdaşlıq və qarşılıqlı dəstək çox vacibdir”.
S.Dokic Azərbaycanın ev sahibliyi etdiyi COP29 iqlim sammitinin yüksək səviyyədə təşkilatçılığından bəhs edərkən deyib: “Bu, ən yaxşı təşkil olunmuş tədbirlərdəndir. Burada hər şeyin çox sürətlə və asanlıqla irəliləməsindən olduqca məmnunuq. Təşkilatçılıq yüksək səviyyədədir. Bakı isə heyran qaldığım çox gözəl şəhərdir”.