Sergey Markov: Fransa Nigeri Ermənistanla əvəzləməyə çalışır
Moskva, 12 oktyabr, AZƏRTAC
Azərbaycan güc yolu ilə öz maraqlarının tam şəkildə həyata keçirilməsini təmin etdi, eyni zamanda, öz qalib ölkə nüfuzunu təsdiqləmiş oldu, bu isə müasir dünyada olduqca zəruridir.
AZƏRTAC xəbər verir ki, bu fikri Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov “Qarabağ münaqişəsinin tam başa çatmasından sonra Cənubi Qafqazın inkişafı” adlı onlayn görüşdə bəyan edib.
“Bu gün beynəlxalq institutların böhran keçirməsi ucbatından çoxlu sayda ölkənin hərbi resurslara müraciət etməyə məcbur qaldığı bir şəraitdə, Prezident İlham Əliyev zəfərin simvollarından biridir. Tam qələbənin əldə edilməsi indi bütün dünyada zəruri sayılan təcrübədir”, -deyə o bildirib.
Ekspertin fikrincə, hazırda dünyada geosiyasi vəziyyət kəskin şəkildə dəyişib və Cənubi Qafqazda "müxtəlif layihələrin yarışı" gedir.
S.Markov qeyd edib: "Bir neçə variant var. Bunlardan biri Azərbaycan, Gürcüstan və Ermənistanın, həmçinin Cənubi Qafqazla həmsərhəd olan Rusiya, Türkiyə və İranın daxil olduğu "3+3" formatıdır. Onlar təhlükəsizlik tədbirləri və iqtisadi əməkdaşlıq barədə razılığa gəlirlər".
Onun fikrincə, bu formatda bölgənin bütün dövlətləri üçün faydalı olacaq vahid iqtisadi məkanın yaradılması müzakirə edilə bilər. “Bu, biri Zəngəzur olan bir neçə regional nəqliyyat dəhlizinin açılması əsasında mümkündür”, - deyə ekspert bəyan edib.
Politoloq, həmçinin qeyd edib ki, xarici aktorlar, ilk növbədə Fransa bu gün Cənubi Qafqaz ərazisinə daxil olmağa çalışır.
"Bu, Fransanın Nigeri Ermənistanla əvəzləmək cəhdidir. Hazırda Ermənistanda Amerika hərbi bazasının yaradılması məsələsi müzakirə olunur", - S. Markov əlavə edib.
Moskva