Şərif Ağayar: Kitab milli və strateji məsələdir
Bakı, 25 oktyabr, AZƏRTAC
Builki Bakı Beynəlxalq Kitab Sərgisi çox səliqəli təşkil olunub. Xüsusilə dizayn işi estetik baxımdan diqqət çəkir.
Bunu AZƏRTAC-a açıqlamasında yazıçı Şərif Ağayar deyib.
O bildirib ki, Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə hər il bu sərginin keçirilməsi təqdirəlayiqdir.
Şərif Ağayar gələcəkdə sərgidə daha çox xarici nəşriyyatın təmsil olunmasını arzuladığını bildirib. O, xüsusilə Türkiyədən və Azərbaycanın digər qonşu ölkələrindən müstəqil nəşriyyatların sərgiyə cəlb edilməsinin beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb.
Yazıçının sözlərinə görə, bu, Azərbaycan müəlliflərinin xarici nəşriyyatlarla birbaşa əlaqələr qurmasına, müəllif hüquqları məsələlərinin müzakirəsinə və yerli ədəbiyyatın beynəlxalq ədəbi məkanda daha geniş tanınmasına şərait yarada bilər:”Onlarla üzbəüz görüşüb, birbaşa ünsiyyət qurmaq tamam başqadır. Ümid edirəm ki, gələcəkdə bu da mümkün olacaq”.
Şərif Ağayarın fikrincə, bütün qələbələrin, uğurların təməlində kitab dayanmalıdır ki, onlar əbədi olsun. “Məhz buna görə də Azərbaycan kitabı milli və strateji məsələdir”, - deyə o diqqətə çatdırıb.