Şərqşünaslıq İnstitutunun əməkdaşları bu il səmərəli elmi fəaliyyət göstəriblər
Bakı, 9 iyul, AZƏRTAC
AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, toplantıda institutun 2021-ci ilin birinci yarısında elmi-təşkilati fəaliyyəti müzakirə olunub.
Bildirilib ki, 2021-ci ilin ilk yarısında institutun əməkdaşları səmərəli elmi fəaliyyət göstərərək, “Şərq ölkələrinin ictimai, iqtisadi, mədəni-tarixi inkişafı və Azərbaycanla əlaqələri” istiqaməti üzrə araşdırmalarını davam etdiriblər. Qeyd edilən dövrdə Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının, Nazirlər Kabinetinin qərar və sərəncamlarının, habelə dövlət proqramlarının icrası ilə əlaqədar bir sıra işlər həyata keçirilib.
Şərqşünaslıq İnstitutunda filologiya üzrə fəlsəfə doktoru A.Əlizadənin “Nizami məktəbinin davamçısı Abdullah Hatifinin “Həft mənzər” əsəri fars dilindən Azərbaycan dilinə tərcümə olunaraq çapa təqdim edilib. Eyni zamanda, Mənbəşünaslıq və yazılı abidələrin tədqiqi və nəşri şöbəsinin müdiri professor Mehdi Kazımovun rəhbərliyi ilə “Nizami Gəncəvi İli” çərçivəsində silsilə seminarlar keçirilib. Bu seminarlarda professor Mehdi Kazımov “Nizami və Şərq ədəbiyyatları”, İran filologiyası şöbəsinin böyük elmi işçisi Şəmsi Əhmədov “Nizami leksikasının tədqiqinə dair (M.Məmmədovanın tədqiqatları əsasında)”, Mənbəşünaslıq və yazılı abidələrin tədqiqi və nəşri şöbəsinin elmi işçisi Aygün Yusubova “Türk şairi Əhməd Rıdvanın yaradıcılığına Nizami ədəbi məktəbinin təsiri” mövzusunda məruzələr ediblər.
İşğaldan azad edilmiş ərazilərə dair elmi tədqiqat işləri ilə bağlı Şərqşünaslıq İnstitutunda 2 kitab nəşrə təqdim edilib, 15-dən artıq məqalə bir sıra informasiya portallarında, qəzetlərdə, jurnallarda, televiziya və radio kanallarında yerləşdirilib. Eyni zamanda, institutun 8 əməkdaşı Qarabağa dair mövzularda plan işi üzərində çalışır.
Cari ilin birinci yarısında institutda 6 kitab çap edilib. Daha 13 kitab çapdadır. İnstitut əməkdaşlarının ölkə daxilində 38 məqaləsi, 8 tezisi, xaricdə isə 18 məqalə (3-ü impakt faktorlu jurnallarda) və 4 tezisi çap olunub. Altı ay ərzində institutun 30 əməkdaşı ölkədə keçirilən 11 respublika və 5 beynəlxalq səviyyəli elmi konfranslarda, 5 vebinarda iştirak edib, 8 əməkdaş isə xaricdə keçirilən beynəlxalq tədbirlərə qatılıb.
İnstitutun beynəlxalq əlaqələri sırasında elmi müəssisənin direktoru, akademik Gövhər Baxşəliyevanın xarici ölkələrin ölkəmizdəki diplomatik nümayəndələri ilə görüşlərini qeyd etmək olar.
Həmçinin institutda “Mustafa Kamal Atatürk - Türk dünyasının böyük öndəri” mövzusunda elmi konfrans, ümummilli lider Heydər Əliyevin anadan olmasının 98 illiyi, 20 Yanvar faciəsinin 31-ci ildönümü, 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbirlər keçirilib.