Şərur şəhər 2 nömrəli tam orta məktəbin yeni binası istifadəyə verilib
Şərur, 27 mart, AZƏRTAC
Muxtar respublikada müasir tələblərə uyğun məktəb binalarının tikilməsi, tədrisin məzmununun yeniləşməsi və yeni texnologiyaların tətbiqi təhsil göstəricilərini yaxşılaşdırıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, martın 27-də Şərur şəhər 2 nömrəli tam orta məktəbin yeni binası istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov məktəbin açılışını bildirən lenti kəsib.
Məktəbin direktoru Sevil Hacıyeva çıxış edərək deyib: Şərur rayonunda geniş quruculuq işlərinin aparılması bizi çox sevindirir. Rayonun quruculuq ünvanlarından biri də bu gün açılışı olan Şərur şəhər 2 nömrəli tam orta məktəbidir. Məktəb binası ən müasir tələblərə cavab verir. Burada yaradılan şərait həm müəllimlərin, həm də valideynlərin arzularının həyata keçməsi deməkdir. Sevil Hacıyeva təhsilin inkişafına göstərdiyi qayğıya görə məktəb kollektivi və valideynlər adından Ali Məclisin Sədrinə minnətdarlıq edib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Şərur şəhərində müasir təhsilin tələblərinə cavab verən məktəb binasının istifadəyə verildiyini bildirib, bu münasibətlə kollektivi təbrik edərək deyib: Məktəb işi hər bir ölkədə ən vacib sahə hesab olunur. Ona görə ki, məktəbdə ölkənin gələcəyi hazırlanır. Ümummilli liderimiz Heydər Əliyev bu amili nəzərə alaraq deyirdi ki, “Məktəb Azərbaycanın gələcəyi üçün böyük məsuliyyət daşıyır”. Həqiqətən də, bu gün Azərbaycanın gələcəyi məktəbdə yetişən gənclərdən asılıdır. Məktəblərdə gənclər necə yetişəcəksə, ölkəmizin gələcəyi də elə olacaqdır.
Ali Məclisin Sədri deyib: Məktəblərdə təhsilli, dünyagörüşlü və peşə sahibi olacaq gənclərin hazırlanması ölkənin etibarlı gələcəyindən xəbər verir. Bu səbəbdən də ölkəmizdə məktəb işinə xüsusi diqqət yetirilir. Yaradılan müasir tədris şəraiti imkan verir ki, ümumtəhsil məktəblərini bitirən hər bir gənc ölkəmizlə yanaşı, həm də istənilən xarici ölkədə ali təhsil ala bilsin. Həmçinin ölkəmizdə qəbul olunmuş dövlət proqramlarına uyğun olaraq yaxşı oxuyan gənclər seçilərək xarici ölkələrdə ali təhsil almağa göndərilir. Bu gənclər təhsillərini başa vurub qayıtdıqdan sonra ölkəmizə xidmət edirlər. Ona görə də gənclər hərtərəfli hazırlanmalı, dünya təhsil sisteminə inteqrasiya olunmalıdır. Hər bir gənc təhsil almaqla yanaşı, həm də öz bacarığına və qabiliyyətinə uyğun peşə öyrənməlidir. Muxtar respublikada orta, peşə, orta ixtisas, ali və akademik təhsil pillələri üzrə yaradılan şərait bu vəzifələrin yerinə yetirilməsinə imkan verir.
“Təhsilə əsaslanan inkişaf, təhsilli gənclərin yetişməsi ölkənin tərəqqisinə xidmət edir” - deyən Ali Məclisin Sədri bildirib ki, Şərur şəhər 2 nömrəli tam orta məktəbinin nailiyyətləri muxtar respublikanın ümumi orta göstəricisindən yüksəkdir. Bu da onu deməyə əsas verir ki, məktəbdə tədris düzgün qurulub, ciddi nizam-intizam və tələbkarlıq vardır.
Ali Məclisin Sədri qazanılan nailiyyətlərə görə kollektivə təşəkkür edib.
Qeyd olunub ki, məktəb yalnız bugünkü nəsillərə xidmət üçün nəzərdə tutulmayıb. Məktəb gələcək nəsillərin təhsil alması üçün də qorunub saxlanılmalı, müasir tədris avadanlıqlarından səmərəli istifadə olunmalıdır. Müəllimlər və şagirdlər bu vəzifələrin yerinə yetirilməsi üçün cavabdehlik daşımalı, nailiyyətlər daha da artırılmalıdır.
Ali Məclisin Sədri Şərur şəhər 2 nömrəli tam orta məktəbinin muxtar respublikanın qabaqcıl təhsil ocaqları sırasındakı yerini qoruyub saxlayacağına əminliyini bildirib, kollektivə tədrisdə uğurlar arzulayıb.
Bina ilə tanışlıq zamanı qeyd olunub ki, dördmərtəbəli və 1020 şagird yerlik məktəbdə müasir tədris şəraiti yaradılıb. 5-i elektron lövhəli olmaqla 50 sinif otağı, 2 müəllimlər otağı, 2 şahmat otağı, tibb otağı, bufet, idman zalı, açıq idman qurğuları və mini futbol meydançası şagirdlərin istifadəsinə verilib, kimya, biologiya və fizika laboratoriyaları, hərbi kabinə yeni avadanlıqlar və əyani tədris vasitələri ilə təchiz edilib. Məktəbin zəngin kitabxanasında 20 minə yaxın müxtəlif ədəbiyyat toplanıb. Onlardan 8973-ü dərslik, 10245-i isə bədii ədəbiyyatdır.
Ali Məclisin Sədri kitabxanadan istifadənin əhəmiyyətini qeyd edib, muxtar respublikanın məktəb kitabxanalarında “Oxunulması vacib olan kitablar” guşəsinin yaradılması və şagirdlərdə mütaliə marağının artırılması barədə tapşırıqlar verib.
Məktəbdə 4 kompüter otağı yaradılıb, ümumilikdə, 84 kompüter quraşdırılaraq sürətli internetə çıxışı təmin edilib. Yeni texnologiyalar məktəbdə distant tədrisin tətbiqinə və interaktiv dərslərin keçirilməsinə imkan verir. Elektron lövhəli sinifdə Məhəmməd Tağı Sidqinin Ordubad şəhərindəki ev muzeyi ilə muxtar respublikanın 208 məktəbi arasında keçirilən distant dərs izlənib.
Ali Məclisin Sədri görkəmli maarifçi və pedaqoq Məhəmməd Tağı Sidqinin Naxçıvanda təhsilin inkişafı sahəsində həyata keçirdiyi tədbirlərin bu gün hər bir müəllim və şagird üçün nümunə olduğunu qeyd edib.
Şərur şəhər 2 nömrəli tam orta məktəbdə 791 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 120 müəllim məşğul olur. 2016-2017-ci tədris ilində birinci sinfə 88 şagird qəbul olunub.
Məktəbin müəllimləri ilə görüşən Ali Məclisin Sədri deyib ki, Şərur şəhər 2 nömrəli tam orta məktəbində yaxşı kollektiv formalaşıb. Bunun nəticəsidir ki, ötən il məktəbin məzunlarından 35-i ali məktəbə, 6-sı isə orta ixtisas məktəbinə qəbul olunub. Məzunlardan 8-i 500-700 arası bal toplayıb. Dövlətimiz tərəfindən müəllim əməyinə yüksək qiymət verilir, diaqnostik qiymətləndirmə aparılır, müəllimlər fəxri adlarla təltif olunurlar. Şərur şəhər 2 nömrəli tam orta məktəbin müəllimlərindən də 1-i Azərbaycan Respublikasının, 1-i isə Naxçıvan Muxtar Respublikasının Əməkdar Müəllimi fəxri adına layiq görülüb. Yeni məktəb binasının istifadəyə verilməsi də məktəb işinə, müəllim əməyinə verilən qiymətin daha bir ifadəsidir. Muxtar respublikada məktəb tikintisi bundan sonra da davam etdiriləcəkdir. Bütün bunların müqabilində isə müəllimlər üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməli, gənclərin hərtərəfli hazırlanması, təhsil alması və peşə öyrənməsi qayğısına qalmalıdırlar.
Məktəbin tarix müəllimi Elminaz Əlizadə deyib ki, bu gün Naxçıvan Muxtar Respublikasında bütün sahələrdə inkişafa nail olunub. Bu inkişafda təhsil xüsusi yer tutur. 2017-ci ilin ötən dövründə muxtar respublikada 5 təhsil müəssisəsinin istifadəyə verilməsi bunu bir daha təsdiq edir. Şərur şəhər 2 nömrəli tam orta məktəbinin yeni binası kollektivdə xoş əhval-ruhiyyə yaratmaqla yanaşı, həm də onların məsuliyyətini artırır. Çalışacağıq ki, göstərilən etimadı doğruldaq, vətənpərvər, təhsilli və dünyagörüşlü gənclər yetişdirək.
əsaslı təmir olunub
Muxtar respublikada əhalinin ən yüksək səviyyədə tibbi xidmətlərlə təmin olunması diqqət mərkəzində saxlanılır. Yeni səhiyyə müəssisələrinin tikilməsi, mövcud xəstəxana binalarında təmir işlərinin aparılması və müasir tibbi avadanlıqların quraşdırılması bu baxımdan mühüm əhəmiyyətə malikdir.
Martın 27-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Şərur Rayon Mərkəzi Xəstəxanasında aparılan təmir işləri ilə maraqlanıb, quraşdırılan yeni tibbi avadanlıqlara baxıb.
Bildirilib ki, 3 mərtəbədən ibarət olan xəstəxanada 4 şöbə və 6 bölmə fəaliyyət göstərir. Binada əsaslı təmir işləri aparılıb, rentgen-flüoqrafiya, kompüter tomoqrafiya və elektroensofaloqramma aparatları quraşdırılıb. Quraşdırılan müasir tibbi avadanlıqlar müayinə və müalicə işlərinin yüksək səviyyədə təşkilinə imkan verəcəkdir. Təmir işləri ilə paralel olaraq binanın fasadı da üzlənib, həyətində abadlıq işləri aparılıb.
Ali Məclisin Sədri tibbi xidmətin təşkili ilə bağlı müvafiq tapşırıqlar verib.