Səudiyyə Ərəbistanı avqustda da gündəlik neft hasilatını 1 milyon barel azaldacaq
Bakı, 3 iyul, AZƏRTAC
Səudiyyə Ərəbistanının informasiya agentliyinin (SPA) verdiyi məlumata görə, Krallıq neft hasilatının könüllü olaraq gündəlik 1 milyon barel azaldılmasını avqust ayı da daxil olmaqla daha bir ay müddətinə uzadacaq.
AZƏRTAC xəbər verir ki, Krallığın avqust ayı üçün gündəlik hasilatı təxminən 9 milyon barel olacaq. Səudiyyə Ərəbistanı Energetika Nazirliyinin rəsmisi bildirib ki, bu ilin iyulunda qüvvəyə minən neft hasilatının könüllü ixtisarı qərarı OPEC+ alyansı ölkələrinin neft bazarlarının sabitliyini və tarazlığını dəstəkləmək məqsədi ilə göstərdiyi ehtiyat tədbirlərini gücləndirmək məqsədi daşıyır. O əlavə edib: “Səudiyyə Ərəbistanı Krallığı iyul ayında həyata keçirilən gündəlik 1milyon barel könüllü azaldılmanı daha bir ay uzadacaq. 2023-cü ilin avqustunda gündəlik hasilat təqribən 9 milyon barel olacaq”. Nazirliyin rəsmisi qeyd edib ki, bu ixtisar Krallığın 2023-cü ilin aprelində elan etdiyi və 2024-cü ilin dekabr ayının sonuna qədər davam edəcək könüllü azaltma təşəbbüsünə əlavədir.
İyun ayında Səudiyyə Ərəbistanının enerji naziri şahzadə Əbdüləziz bin Salman “Əl Ərəbiyyə” telekanalına müsahibəsində bildirmişdi ki, Krallıq OPEC+ görüşündən sonra iyulda dərin hasilatı azaldacaq. O əlavə etmişdi ki, zərurət yaranarsa, Ər-Riyad tərəfindən hasilatın gündəlik 1 milyon barel azaldılması iyuldan sonra da uzadıla bilər.
Səudiyyə Ərəbistanı digər OPEC+ istehsalçıları ilə birlikdə bu ilin aprelindən 2024-cü ilin dekabrına qədər neft hasilatını azaldacağını açıqlamışdı.
Qeyd edək ki, OPEC+ alyansı qlobal xam neftin təxminən 40 faizini nəql edir.