Səudiyyəli yazar: Azərbaycan ilə Səudiyyə Ərəbistanını ortaq mədəni dəyərlər birləşdirir
Qahirə, 25 iyun, AZƏRTAC
Səudiyyə Ərəbistanının “Ər-Riyad” qəzetində yazar Əhməd Tabeicinin Azərbaycana səfəri ilə bağlı təəssüratlarını əks etdirən “Məkanın yaddaşı və insanın izi” sərlövhəli məqaləsi dərc edilib.
AZƏRTAC xəbər verir ki, müəllif Azərbaycanın zəngin tarixi-mədəni irsi, tolerantlıq ənənələri və qonaqpərvərliyi barədə fikirlərini oxucularla bölüşür.
Əhməd Tabeici Azərbaycanın müxtəlif bölgələrinə və tarixi-mədəni məkanlarına etdiyi çoxsaylı səfərlərin onda ölkə haqqında dərin təəssüratlar formalaşdırdığını bildirib. Onun sözlərinə görə, Azərbaycan və Səudiyyə Ərəbistanı coğrafi baxımdan bir-birindən uzaq olsa da, hər iki xalqı birləşdirən mühüm mədəni və insani dəyərlər mövcuddur.
Müəllif Bakıda, eləcə də ölkənin müxtəlif tarixi və mədəniyyət ocaqlarına səfərlərinin onda xüsusi təəssüratlar yaratdığını qeyd edib: “Bakıda gəzərkən, Qobustanın qədim qayaüstü təsvirləri və tarixin dərinliklərinə uzanan abidələri qarşısında dayanarkən, Milli Azərbaycan Ədəbiyyatı Muzeyində, eləcə də ölkənin çoxsaylı kitabxana və incəsənət qalereyalarında olarkən daim belə bir hissə qapılırdım ki, qarşımda öz köklərinə bizim Səudiyyə Ərəbistanında olduğu kimi böyük ehtiramla yanaşan bir cəmiyyət dayanır”.
O vurğulayıb ki, Azərbaycan cəmiyyəti öz tarixi köklərinə böyük ehtiramla yanaşır, milli kimliyin qorunmasını və mədəni yaddaşın yaşadılmasını mühüm dəyər hesab edir.
Səudiyyəli müəllifin fikrincə, hər iki ölkədə irs yalnız keçmişin yadigarı kimi deyil, cəmiyyətin canlı yaddaşı kimi qəbul olunur. Bu yanaşma həm Azərbaycanda, həm də Səudiyyə Ərəbistanında milli kimliyin möhkəmlənməsinə, eyni zamanda ənənələrlə müasirliyin ahəngdar şəkildə uzlaşdırılmasına xidmət edir.
Yazar mədəniyyətin cəmiyyət həyatındakı roluna da diqqət çəkərək bildirib ki, Azərbaycanda ədəbiyyata, incəsənətə və mədəniyyət müəssisələrinə göstərilən yüksək diqqət ölkənin inkişafında mühüm amillərdən biridir. Onun sözlərinə görə, bu baxımdan Azərbaycan və Səudiyyə Ərəbistanı oxşar yanaşma nümayiş etdirərək mədəniyyəti sosial inkişafın və həyat keyfiyyətinin əsas elementlərindən biri kimi qiymətləndirirlər.
Əhməd Tabeici Azərbaycanın multikulturalizm və tolerantlıq sahəsində əldə etdiyi nailiyyətləri də xüsusi vurğulayıb. O qeyd edib ki, müxtəlif sivilizasiyaların qovşağında yerləşən Azərbaycan qarşılıqlı hörmətə, birgəyaşayışa və bərabərliyə əsaslanan nümunəvi mədəni mühit formalaşdırıb. Müəllif hesab edir ki, bu xüsusiyyətlər Səudiyyə Ərəbistanının müxtəlif regionları, adət-ənənələri və mədəni müxtəlifliyi ilə də səsləşir.
Səudiyyəli yazar Azərbaycan xalqının qonaqpərvərliyindən də bəhs edərək, ölkədə gördüyü səmimi münasibətin və yüksək qonaqsevərliyin xalqlar arasında dostluq və etimadın möhkəmlənməsinə töhfə verdiyini bildirib.
Məqalənin sonunda Əhməd Tabeici vurğulayıb ki, Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında mədəni yaxınlıq ortaq dəyərlərə, irsə bağlılığa, milli kimliyə hörmətə, elm və incəsənətə verilən önəmə, eləcə də tolerantlıq və qarşılıqlı anlaşma prinsiplərinə əsaslanır. Onun fikrincə, Azərbaycan özünəməxsus xüsusiyyətlərini qorumaqla yanaşı, mənəvi baxımdan Səudiyyə xalqına yaxın olan ölkələrdən biridir.