SİYASƏT
Sevinc Fətəliyeva: Ulu Öndər Heydər Əliyevin ideyaları daim yaşayır və aktuallığını itirmir
![Sevinc Fətəliyeva: Ulu Öndər Heydər Əliyevin ideyaları daim yaşayır və aktuallığını itirmir](/files/2023/3/1200x630/1703664931264956311_1200x630.jpg)
Bakı, 27 dekabr, AZƏRTAC
Ulu Öndər Heydər Əliyevin ideyaları daim yaşayır və aktuallığını itirmir. 1990-cı illərdə müstəqilliyini yeni bərpa etmiş Azərbaycanda informasiya mübarizəsi aparmağa çox böyük ehtiyac vardı.
AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin deputatı Sevinc Fətəliyeva AZƏRTAC-ın təşkilatçılığı ilə keçirilən Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Azərbaycan mətbuatının inkişafında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda konfransdakı çıxışı zamanı deyib.
Həmin dövrdə Azərbaycanın tanınması, ölkəmizlə bağlı həqiqətlərin dünyaya çatdırılması məsələsində problemlərin olduğunu söyləyən deputat qeyd edib: “Bəzən Azərbaycanın harada yerləşdiyini belə bilmirdilər, o ki qaldı, Qarabağ münaqişəsindən xəbərdar olsunlar. O zaman bütün dünya ermənilərin təbliğ etdiyi mənzərə ilə tanış olurdu. Ona görə də Azərbaycan tərəfinin düzgün informasiyanı təqdim etməsi çox önəmli idi. Həmin dövrdə informasiya mübarizəsini Ulu Öndər Heydər Əliyev aparırdı. O, bütün xarici səfərlərində, ikitərəfli görüşlərində Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırırdı. Ümummilli Liderin yerli və xarici media ilə təmaslar qurması, onlara açıq və sərbəst şəkildə ölkə həqiqətlərini təqdim etməsi həmin dövr üçün informasiya mübarizəsinin ən effektiv üsullarından biri idi”.